
IDEX-2025: ASTECH DEFENCE yeni GÖKKURT ağıllı sursat ailəsini təqdim edir
Türkiyənin ASTECH DEFENCE şirkəti Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2025 sərgisində yeni GÖKKURT ağıllı sursat (GÖKKURT Akıllı Mühimmat – GAM) ailəsini təqdim edir.
“Poliqon” xəbər verir ki, GAM ailəsi ölkə xaricində ilk dəfə nümayiş olunur.
ASTECH DEFENCE şirkəti sərgidə GAM ailəsinin üç üzvünü – GAM-A, GAM-B və GAM-D-ni nümayiş etdirir.
Pilotsuz uçuş aparatları (PUA) və sabit qanadlı aviasiya vasitələrinin istifadəsi üçün nəzərdə tutulan GAM ailəsinə 20 km mənzilli GAM-A, 40 km mənzilli GAM-B və 80 km mənzilli GAM-D ağıllı sursatları daxildir.
Modul quruluşa malik ağıllı sursat ailəsi 4 fərqli arayıcı başlıq və 2 fərqli döyüş başlığı variantı ilə missiya tələblərinə uyğun olaraq fərdiləşdirilə bilir. GAM ağıllı sursatları ANS/KKS tuşlama və arayıcı texnologiyaları ilə sabit və hərəkətli hədəflərə dəqiq zərbə qabiliyyəti təmin edir. Sursatlar 16 kiloqramlıq döyüş başlıqları ilə hərb meydanında istifadəçiyə əməliyyat üstünlüyü qazandırır.
Ailənin ən qısa mənzilli üzvü olan GAM-A başlıca konfiqurasiyanı təmsil edərkən GAM-B və GAM-D modellərində müxtəlif qanad dəstləri əsas gövdəyə inteqrasiya olunub.
Bunlardan başqa, zirehli və ya qorunan hədəflərə qarşı xüsusi olaraq hazırlanmış GAM məhsul ailəsinin ən böyük üzvü GAM-X (Extra) də mövcuddur. Yüksək dağıdıcı gücə malik GAM-X bu ailənin digər variantlarına nisbətən daha böyük döyüş başlığı daşıyır.