IDEX-2025 və NAVDEX-2025 sərgiləri öz işinə başlayıb – FOTOLAR

IDEX-2025 və NAVDEX-2025 sərgiləri öz işinə başlayıb – FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində keçirilən 17-ci IDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı ilə 8-ci NAVDEX Dəniz Müdafiəsi Sərgisi və Konfransı öz işinə başlayıb.

“Poliqon” xəbər verir ki, fevralın 21-nə kimi davam edəcək IDEX sərgisində 65 ölkədən 1560 şirkət öz məhsullarını nümayiş etdirir.

IDEX və NAVDEX sərgiləri BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın himayəsi altında “ADNEC Group” tərəfindən Müdafiə Nazirliyi və “Tawazun” Şurası ilə birgə təşkil olunur.

2023-ci il ilə müqayisədə sərginin ümumi sahəsi artaraq 181.501 kvadratmetrə çatıb. Sərginin keçirildiyi ümumi ərazi 14 salonu əhatə edir.

Artıq 30 ildən çoxdur keçirilən IDEX dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdəndir. IDEX-2025-də ABŞ, Türkiyə, Cənubi Koreya, Kanada, Misir, Braziliya, BƏƏ, Avstraliya, Böyük Britaniya, Hindistan, Çexiya, Avstriya, İsrail, Fransa, Xorvatiya, Belarus, İtaliya, Rusiya və bir çox ölkənin həm dövlət, həm də özəl şirkətləri öz məhsullarını nümayiş etdirir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də sərgidə stendlə təmsil olunur.

Həmçinin Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin və müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdikləri nümayəndə heyətləri də sərgidə iştirak edir.

Qeyd edək ki, POLİQON hərbi-kosmik texnoloji jurnalı IDEX-2025 və NAVDEX-2025 sərgilərinin media tərəfdaşı qismində çıxış edir.

CATEGORIES
TAGS