
İl-112V yüngül hərbi nəqliyyat təyyarəsinin sınaqları keçirilib
Rusiyanın “Rostex” Dövlət Korporasiyasının tərkibinə daxil olan Birləşdirilmiş Aviatikinti Korporasiyası (OAK) tərəfindən hazırlanan “İlyuşin” İl-112V yüngül hərbi nəqliyyat təyyarəsinin növbəti sınaqları keçirilib.
“Poliqon” OAK şirkətinə istinadən xəbər verir ki, uçuş sınaqları zamanı təyyarənin dayanıqlılığı, idarəetmə, elektrik və bir sıra sistemləri yoxlanılıb.
İl-112V təyyarəsi maksimum 5 tona qədər yükü nəql etmə qabiliyyətinə malikdir. Şəxsi heyətin, silahın, yüngül hərbi texnikaların və hava desantlarının digər yüklərinin daşınması üçün nəzərdə tutulub.
Çətin iqlim şəraitində fəaliyyət göstərə bilən təyyarənin kruiz sürəti 470 km/saat, maksimum yüklə birlikdə uçuş məsafəsi 1200 kilometrdir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ilə OAK arasında imzalanan müqavilə əsasında hazırlanan İl-112V-lər Rusiya Ordusunda xidmət göstərən AN-26 hərbi nəqliyyat təyyarələrinin yerini alacaq.
Elşən Abdulkərimov