İlk “Gripen E” döyüş təyyarəsi İsveç HHQ-yə təhvil verilib

İlk “Gripen E” döyüş təyyarəsi İsveç HHQ-yə təhvil verilib

“Saab” şirkətinin istehsal etdiyi ilk JAS 39 “Gripen E” döyüş təyyarəsi İsveç Hərbi Hava Qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) məlumat yayıb.

Məlumatda “Gripen E” qırıcılarının İsveç HHQ-yə tədarükünün 2030-cu ilə qədər davam edəcəyi bildirilib.

Qeyd olunub ki, “Gripen E” İsveçin milli müdafiə imkanlarını və Hərbi Hava Qüvvələrinin gələcək təhdidlərə cavab vermə qabiliyyətini gücləndirir. Bu, İsveç mühəndisliyinin, uzunmüddətli əməkdaşlığın və texniki innovasiyanın nəticəsidir.

“Gripen E” qırıcısı “Gripen”in son variantıdır və “Saab” tərəfindən onun yaradılması ilə bağlı işlərə 2013-cü ildə başlanılıb. “Gripen E” qırıcısının uzunluğu 15.2 m, eni 8.6 m, maksimal uçuş kütləsi 16.5 tondur. Qırıcının raket və bombalar üçün 10 asqı nöqtəsi, habelə 27 mm çaplı “Mauser” BK27 avtomatik topu var. Hava hədəfini tutmaq və məhv etmək üçün elan edilmiş döyüş hazırlığı 10 dəqiqədir.

Təyyarənin son variantı tamamilə yeni sensorlar, artırılmış uçuş məsafəsi, təkmilləşdirilmiş mühərrik performansı və gələcək yeniləmələri asanlaşdıran yeni bir arxitekturaya malikdir.

Həmçinin “Saab” (İsveç) və “Helsing” (Almaniya) şirkətlərinin əməkdaşlığı nəticəsində “Centaur” süni intellekt (AI) agenti də “Gripen E”yə inteqrasiya edilib.

CATEGORIES