İlk seriyalı “Gripen E” qırıcıların tədarükünə başlanıb

İlk seriyalı “Gripen E” qırıcıların tədarükünə başlanıb

Braziliya və İsveç Hərbi Hava Qüvvələri (HHQ) ilk seriya istehsalı olan “Gripen E” qırıcılarını alıblar.

“Poliqon” SAAB şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkət ilk seriya istehsalı təyyarələrin müştərilərə – Braziliya HHQ və İsveç HHQ-yə çatdırıldığını elan edib.

Birinci partiyaya altı ədəd qırıcı daxildir. Bunlardan dörd ədədi Braziliya HHQ, iki ədədi isə İsveç HHQ üçün nəzərdə tutulub. Ümumilikdə, qüvvədə olan müqavilələrə əsasən, SAAB şirkəti İsveç üçün 60 ədəd və Braziliya üçün 36 ədəd “Gripen-E” qırıcısı tədarük edəcək.

Xatırladaq ki, JAS 39 “Gripen” 1980-ci illərdə İsveçin SAAB şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil çoxməqsədli qırıcıdır. JAS abbreviaturası Jakt – qırıcı, Attack – hücum təyyarəsi, Spaning – kəşfiyyat kimi açıqlanır.

Qeyd edək ki, qırıcının ilk modifikasiyası olan “Gripen A” 1997-ci ildə İsveç HHQ tərəfindən silahlanmaya qəbul edilib. Bu gün JAS 39 “Gripen” qırıcıları ixraca satılır və Macarıstan, Çexiya, Cənubi Afrika, Tayland və digər ölkələrin HHQ-də silahlanmadadır.

“Gripen E” qırıcısının yaradılması üzərində işlərə 2013-cü ildə başlanılıb. “Gripen E” qırıcısının uzunluğu 15,2 m, eni 8,6 m, maksimal uçuş kütləsi 16,5 tondur. Qırıcının silahlar üçün on asma nöqtəsi və 27 mm çaplı Mauser BK27 avtomatik topu var. Hava hədəfini tutmaq və məhv etmək üçün elan edilmiş döyüş hazırlığı 10 dəqiqədir.

Yeni nəsil JAS 39E “Gripen E” “Gripen NG” proqramı çərçivəsində hazırlanmış tək oturacaqlı istehsal versiyasıdır. Açıq mənbələrin məlumatına əsasən vahidinin qiyməti 85 milyon ABŞ dolları civarındadır. Qırıcı digər variantlardan aktiv fazalı anten şəbəkəsi, yeni mühərrikləri, artan uçuş məsafəsi və maksimal uçuş kütləsi ilə fərqlənir.

Məlumat üçün qeyd edək ki, “Gripen” (Qrifon) adı aslan bədəni və qartal başı olan mifoloji qanadlı canlıdan götürülüb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS