İndoneziya, Çad və Əlcəzair Türkiyənin ANKA PUA-larını alır
Türkiyənin TUSAŞ şirkəti İndoneziya, Çad və Əlcəzair ilə ANKA pilotsuz uçuş aparatlarının (PUA) alqı-satqısına dair ümumi dəyəri 500 milyon ABŞ dollarından artıq olan müqavilələr imzalayıb.
“Poliqon” “Savunmasanayist” nəşrinə istinadən xəbər verir ki, TUSAŞ şirkətinə İndoneziya 12, Əlcəzair 10, Çad isə 2 ədəd PUA sifariş edib.
Bildirilib ki, şirkət sifarişlərin sayının çox olması ilə əlaqədar ANKA istehsal müəssisəsinin istehsal gücünü də artırır.
Qeyd edək ki, Tunis 2020-ci ildə ANKA PUA-nın ilk xarici müştərisi olub. Tunis Hərbi Hava Qüvvələri (HHQ) 3 ədəd PUA və 3 yerüstü idarəetmə stansiyası alıb (həmçinin bax: “TUSAŞ ilk “Anka-S” PUA-nı Tunis Ordusuna təhvil verib” və “Tunis Ordusu ilk “Anka-S” PUA-nı inventarına daxil edib”).
İkinci sifariş Qazaxıstan HHQ tərəfindən verilib. Ölkə 3 kompleks alıb və daha 30 kompleks sifariş etməyi planlaşdırır. Bundan əlavə, Qazaxıstan TUSAŞ ilə ANKA PUA sistemlərinin Qazaxıstanda birgə istehsalını ehtiva edən memorandum da imzalayıb (daha ətraflı: Türkiyənin “Anka” PUA-ları Qazaxıstanda istehsal ediləcək).
Malayziya da ANKA PUA almağı planlaşdırır. İlk mərhələdə onlar 3-dən 9-a qədər PUA sifariş etməyi düşünürlər (daha ətraflı: Malayziya Türkiyə və İtaliyadan aviasiya vasitələri alır).
ANKA PUA yaradılmasına 2004-cü ildə TUSAŞ şirkəti tərəfindən başlanıb. İlk uçuş 2010-cu ildə edilib. 2013-cü ildə onların Türkiyə Silahlı Qüvvələri üçün ilk sifarişi məlum olub.
Şirkət PUA-nın iki versiyasını hazırlayıb: ANKA Block A və ANKZ Block B (ANKA-S).
Birinci versiyada döyüş maşını kəşfiyyat funksiyalarını yerinə yetirmək qabiliyyətinə malikdir. İkinci variant olan ANKA-S bomba və raket şəklində əlavə faydalı yük daşıya bilir.
PUA infraqırmızı kamera, lazer məsafəölçən-hədəfgöstərici, sintezləşdirilmiş aperturalı radar, təhlükəsiz məlumat ötürmə sistemi və Türkiyə istehsalı olan bort kompüterli yüksək ayırdetmə qabiliyyətinə malik texniki müşahidə sistemi ilə təchiz edilib.
ANKA PUA 9140 metr yüksəklikdə 24 saat havada qala və 350+ kiloqram faydalı yük daşıya bilir. Maksimal bağlantı radiusu 250 km, kreyser sürəti saatda 200 km-dir. PUA-nın qanad açıqlığı 17,5 metr, uzunluğu 8,6 metr, hündürlüyü 3,25 metrdir.
Silahlanmasına “Roketsan” şirkətinin istehsalı olan 8 ədəd “Cirit” idarə olunan tank əleyhinə raket və ya 4 ədəd yarıaktiv lazer özütuşlama başlıqlı kiçik ölçülü MAM-L sursatı daxildir.
İndiyə qədər təxminən 50 ANKA PUA-nın təhvil verildiyi ehtimal edilsə də, eyni sayda istehsal fəaliyyətləri də davam edir.
Həmçinin Türkiyədə reaktiv mühərrikli ANKA-3 PUA da hazırlanır. Yeni PUA-nın ilk uçuşunu 2023-cü ildə edəcəyi gözlənilir.
Əlavə olaraq bildirək ki, TUSAŞ şirkəti AKSUNGUR PUA-ların ixracına davam edir. Hazırda onların Əlcəzair və başqa bir adı açıqlanmayan ölkə tərəfindən sifariş edildiyi məlumdur.
Əhəd Əzizov