İran hərbi xərclərini və müdafiə qabiliyyətini artırmaq istəyir

İran hərbi xərclərini və müdafiə qabiliyyətini artırmaq istəyir

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası İsrail ilə mümkün qarşıdurma üçün hərbi xərclərin və ölkənin müdafiə qabiliyyətinin artırılması təklifini təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bunu “Tasnim”ə açıqlamasında komissiyanın sözçüsü İbrahim Rezai bildirib.

Sözçü vurğulayıb ki, bu təklif iyun ayında İsrail-İran qarşıdurması zamanı hazırlanıb və sonradan müxtəlif dövlət qurumlarının iştirakı ilə komissiya tərəfindən nəzərdən keçirilib.

Təklifə əsasən:

  • Planlaşdırma və Büdcə Təşkilatı və Neft Nazirliyi 2025-ci ilin müdafiə büdcəsini tam şəkildə, eləcə də 2024-cü ilin ödənilməmiş hissəsini təmin etməlidir.
  • Planlaşdırma və Büdcə Təşkilatı, həmçinin Ümumi Büdcədən qənaət və ya neft satışlarından əldə edilən gəlirlər vasitəsilə Ali Milli Təhlükəsizlik Şurasının illik müdafiə ayrımlarını qarşılamalıdır.
  • İran Mərkəzi Bankı Silahlı Qüvvələrin Baş Qərargahına təcili müdafiə layihələri üçün bloklanmış və ya digər valyuta mənbələrindən 2 milyard avro faizsiz kredit təqdim etməlidir.
  • Planlaşdırma və Büdcə Təşkilatı, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi ilə birlikdə Müdafiə Nazirliyinə iri həcmli müdafiə məhsullarının xaricdən alınması üçün əlavə 2 milyard avro vəsait ayıracaq.
  • Müdafiə ehtiyaclarının dəstəklənməsi məqsədilə Silahlı Qüvvələrə 1.5 milyard ABŞ dolları dəyərində neft ayrılacaq.
  • İrandan keçən hava dəhlizləri və hava tranzit haqlarından əldə edilən gəlirlərin 30 faizi Ordunun hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə yönəldiləcək.

Rezainin sözlərinə görə, bu planın qəbulundan sonra ölkənin müdafiə gücünün artırılması ilə bağlı narahatlıqlar aradan qalxacaq və Silahlı Qüvvələrin texniki təchizatında, imkanlarında, həmçinin şəxsi heyətin sosial təminatında əsaslı dəyişikliklər baş verəcək. Təklif yaxın iclaslarda İran parlamentinin açıq sessiyalarında müzakirə ediləcək.

CATEGORIES