İran “Mohajer” PUA-nın son versiyasını təqdim etdi

İran “Mohajer” PUA-nın son versiyasını təqdim etdi

İranın “Mohajer” pilotsuz uçan aparatının son versiyası çərşənbə axşamı prezident İbrahim Rəisinin, həmçinin müdafiə naziri və yüksək rütbəli komandirlərin iştirakı ilə keçirilən mərasimdə təqdim edilib.

Bu barədə “Poliqon” saytı “Tasnim” xəbər agentliyinə istinadən xəbər verib.

Yeni “Mohajer-10” pilotsuz uçuş aparatı (PUA) 7000 metr yüksəklikdə 2000 kilometr məsafəyə uça bilir və 24 saat uçuş imkanına malikdir.

Yerli mütəxəssislər tərəfindən istehsal edilən “Mohajer-10” PUA-nın 450 litr yanacaq daşımaq qabiliyyəti var. PUA-nın maksimum yük çəkisi 300 kiloqramdır.

Maksimum sürəti saatda 210 kilometr olan “Mohajer-10” uçuş aparatı “Qaem”, “Almas” və “Dastvareh” aviasiya bombaları daxil olmaqla, yüksək dəqiqliyə malik müxtəlif ağıllı bombalar, habelə elektron döyüş avadanlıqları və kəşfiyyat sistemləri ilə təchiz edilib.

Mərasimdə, həmçinin “Arman-1” adlı “hava-yer” tipli idarəolunan bomba da təqdim edilib.

İran prezidenti strateji “Khorramshahr” və “Haj Qassem” raketlərinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinə təhvil verilməsi barədə göstəriş verib.

CATEGORIES