İranda təkmilləşdirilmiş “Bavar-373” ZRK nümayiş olunub

İranda təkmilləşdirilmiş “Bavar-373” ZRK nümayiş olunub

6 noyabr tarixində İranın Müdafiə və silahlı qüvvələrə dəstək nazirliyində yerli müəssisələr tərəfindən təkmilləşdirilmiş “Bavar-373” uzun mənzilli zenit-raket kompleksi (ZRK) nümayiş olunub.

“Poliqon” İRNA agentliyinə istindən xəbər verir ki, mərasimdə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Məhəmməd Rza Aştiani şəxsən iştirak edib.

Bildirilir ki, təkmilləşdirilmiş ZRK qısa mənzilli ballistik raketlər, bütün növ qırıcılar və bombardmançılar da daxil olmaqla 300 kilometrdən çox məsafədəki hava hədəflərini vura bilir.

Qeyd olunur ki, “Səyyad-B4” raketləri ilə təchiz edilmiş “Bavar-373” ZRK-nin sınağı uğurla həyata keçirilib. Kompleksin sınaqları zamanı hədəf 450 km-dən çox məsafədə aşkar edilib və 305 km məsafədə vurulub.

“Səyyad-B4” uzun mənzilli zenit raketi bərk yanacaqdan istifadə edir və ilk dəfə döyüş sınaqlarından keçirilib. “Səyyad-4” raketinin uçuş məsafəsi 200-dən 300 km-ə, döyüş hündürlüyü isə 27-dən 32 km-ə yüksəldilib.

Həmçinin, “Bavar-373” ZRK-də radiolokasiya stansiyasının (RLS, radar) köməyi ilə hədəf aşkarlama məsafəsi 350 km-dən 450 km-ə qədər artırılıb. “Bavar-373” ZRK radarların köməyi ilə 100-ə qədər hədəfi aşkar etmək, 60-a qədər hədəfi isə izləmək və eyni zamanda onlardan 6-sını vurmaq iqtidarındadır.

Qeyd edək ki, “Bavar-373” ZRK aerodinamik hədəfləri, eləcə də orta və uzun mənzilli ballistik raketləri izləmək üçün İran istehsalı ZƏFƏR yük maşınına quraşdırılmış fazalı antenalı RLS-dən istifadə edir. Komplekdə istifadə olunan radarlardan biri hədəfləri müəyyənləşdirmək üçün 450 km mənzilli “Meraj-4” RLS-dir. “Meraj-4” eyni vaxtda 200-ə qədər hədəfi izləyə bilir.

Xatırladaq ki, “Bavar-373” ZRK haqqında məlumat ilk dəfə 2016-cı ildə ortaya çıxıb. Kompleksin rəsmi təqdimatı isə 2019-cu ilin avqustunda baş tutub. İran bu kompleksi S-300 ZRK-nə rəqib kimi tanıdır. “Bavar-373” ZRK yalnız İran Hava Hücumundən Müdafiə Qüvvələri tərəfindən istismar olunur.

Təkmilləşdirilmiş “Bavar-373” ZRK-inin nümayişi çərçivəsində kompleksin təchiz edildiyi “Səyyad-4B” zenit-raket komplekslərinin istehsalı xəttinin açılış mərasimi də keçirilib.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş