İranda “Xürrəmşəhr” ballistik raketinin son versiyası nümayiş olunub
İranda yerli şəkildə istehsal edilən “Xürrəmşəhr” ballistik raketinin “Xeybər” (Xürrəmşəhr 4) adlanan son versiyası nümayiş olunub.
“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ballistik raket İranın müdafiə naziri Məhəmməd Rza Aştianinin iştirakı ilə keçirlən mərasimdə təqdim edilib.
Bildirilib ki, “Xeybər” İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) mütəxəssisləri tərəfindən hazırlanan ən qabaqcıl raketlərdən biridir.
“Xürrəmşəhr”in dördüncü nəsli olan “Xeybər” ballistik raketi yüksək səviyyədə taktiki imkanlara, 2000 kilometr mənzilə və 1500 kiloqram ağırlığında döyüş başlığına malikdir. Onun əsas üstünlüklərindən biri qısa hazırlıq və buraxılış müddətinə sahib olmasıdır.
Raketin təyin edilmiş hədəfə doğru yüksək sürətlə uçması düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərinin onu aşkarlamasına, izləməsinə və vurmaq üçün hərəkətə keçməsinə mane olur.
Bundan əlavə, “Xeybər”ın maye yanacaqla işləyən mühərriki balistik raketə atmosferdən kənarda 16 Mach və atmosfer daxilində 8 Mach sürətə çatmağa imkan verir.