Ruslan Jaksılıkov: Ordunun modernləşdirilməsi Qazaxıstanın milli təhlükəsizlik sahəsində əsas prioritetlərindəndir
Qazaxıstan ordusunun modernləşdirilməsi dövlətimizin milli təhlükəsizlik sahəsində əsas prioritetlərindən biridir.
Bunu “Poliqon” jurnalına müsahibəsində Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov deyib.
Onun sözlərinə görə, Qazaxıstan son illər bu istiqamətdə xeyli irəliləyiş əldə edib: “Hərbi təhsil və təlimdə qabaqcıl texnologiyaların tətbiqi, silah və hərbi texnikanın yenilənməsi, eləcə də infrastrukturun müasirləşdirilməsi – bütün bunlar bizə ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verir. Məqsədimiz təkcə hərbi texnikanın kəmiyyət və keyfiyyət üstünlüklərini təmin etmək deyil, həm də istənilən çağırış və təhlükələrə operativ reaksiya verə bilən yüksək səmərəli və çevik idarəetmə strukturu yaratmaqdır”.
Müdafiə naziri bildirib ki, modernləşmə müasir hərbi praktikada getdikcə əhəmiyyət kəsb edən kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrini də əhatə edir. Rəqəmsal həllərin tətbiqi təkcə döyüş əməliyyatlarının səmərəliliyini artırmağa deyil, həm də mühüm informasiya ehtiyatlarının mühafizəsini təmin etməyə imkan verir.
General-polkovnik R.Jaksılıkov Qazaxıstan ordusunun döyüş hazırlığının yüksəldilməsi istiqamətdə atılan addımlar barəsində də məlumat verib: “Ordumuzun döyüş hazırlığının artırılması onun fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən çoxmərhələli prosesdir. Bu prosesin tərkib hissəsi kimi biz təhsil və təlim sistemini fəal şəkildə təkmilləşdirir, hərbi kadrlarımızın hazırlanması üçün müasir metod və texnologiyaları tətbiq edirik. Döyüş bacarıqlarının və taktiki hazırlığın təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir ki, bu da qüvvələrimizə müxtəlif şəraitlərdə səmərəli fəaliyyət göstərməyə və dəyişən mühitə uyğunlaşmaq imkanı verir”.
Nazir qeyd edib ki, Qazaxıstan beynəlxalq hərbi əməkdaşlığı və çoxmillətli təlimlərdə iştirakı fəal şəkildə inkişaf etdirir.
“Bu da təcrübə mübadiləsinə və tərəfdaşlarla qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə şərait yaradır. Bu təşəbbüslər ordumuzda özünəinam hissini və milli maraqları səmərəli şəkildə qorumaq, xalqımızın təhlükəsizliyini təmin etmək bacarığını gücləndirmək məqsədi daşıyır. Beləliklə, Qazaxıstan Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılması və modernləşdirilməsi üzrə strategiyamız XXI əsrin çağırışlarının öhdəsindən gəlməyə və sürətlə dəyişən geosiyasi şəraitdə milli təhlükəsizliyi təmin etməyə qadir müasir, çevik və qüdrətli Ordunun yaradılmasına yönəlib”, – deyə Qazaxıstanın müdafiə naziri vurğulayıb.