
“İsgəndər”in “stels” tipli yeni raketi yaradılıb
Rusiyanın 9K720 “İskəndər” əməliyyat-taktiki raket kompleksi aşkarlanması və vurulması son dərəcə çətin olan, habelə “stels” texnologiyaya əsaslanan yeni döyüş sursatları ilə təchiz ediləcək.
“Poliqon” xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiya Müdafiə Nazirliyindəki mənbələrdən bildirilib.
Məlumatda bu innovativ məmulat “ələkeçməz” adlandırılıb. Raketin inkişafı 2016-cı ildən etibarən davam edir və hazırda işlər başa çatmaq üzrədir. Qeyd edilir ki, yeni döyüş sursatının sınaqları 2020-ci ilin yayında “Kapustin Yar” poliqonunda artıq keçirilib.
Konstruktor heyəti “İskəndər” ƏTRK-nin yeni raketləri üçün görünməz “stels” texnologiyasından istifadə edib. Onların gövdəsi xüsusi radiouducu materialla örtülüb.
Raket, ballistik trayektoriya üzrə uçan, eyni zamanda yer atmosferi hüdudlarından kənara çıxmayan aeroballistik sinifə aiddir. Hədəfə çatarkən, döyüş sursatı mürəkkəb trayektoriya üzrə manevrlər edir. Rəsmi mənbələrə əsasən onun köməyi ilə obyektləri 500 km-ə qədər məsafədə vurmaq mümkündür.
Məlumdur ki, ABŞ və Rusiyanın “Orta və qısa mənzilli raketlərin ləğvi haqqında Müqavilə”dən çıxmasına baxmayaraq, qeyd edildiyi kimi “İskəndər” ƏTRK-nin son raketinin uçuş mənzili 500 kilometrə qədər olacaqdır. Bu da təyin olunmuş funksiyaların kompleks tərəfindən yerinə yetirilməsi üçün kifayət edir.
Yeni raket mürəkkəb trayektoriya ilə hərəkət edərək və düşmənin raket əleyhinə raketlərindən (anti-raketlərdən) yayınaraq, yerdəki hədəflərə zərbə vurmaq imkanına sahibdir.
Rusiyalı hərbi ekspertlər hesab edir ki, böyük ehtimalla yeni “stels” raket inkişaf etdirilmiş tək pilləli bərk yanacaqlı 9M723 raketidir. 9M723 raketi bir neçə ildir “İskəndər-M” kompleksinin tərkibinə daxildir. Start kütləsi 3.9 ton və döyüş başlığının ağırlığı 480 kiloqram olan 9M723 raketinin maksimal zəmanətli atəş məsafəsi 400 kilometrə çatır. Raketin uçuşunun kreyser sürəti saniyədə 2100 metrdir (təxminən 6,1 Mach).
Lakin, aparılan təhlillər ehtimal etməyə imkan verir ki, yeni raket “İsgəndər” ƏTRK-nin uçuş mənzili 480 km olan 9M729 qanadlı raketinin bazasında təkmilləşdirilərək yaradılıb. Belə ki, 9M723 raketinin zəmanətli maksimal uçuş mənzili 400 km, 9M729 qanadlı raketinin zəmanətli maksimal uçuş mənzili isə 480 km (bəzi mənbələrə əsasən 490 km) təşkil edir.
Yeni raket 50 km-dən çox yüksəklikdə uçur ki, bu da onu əksər hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz edir. Hədəfə yaxınlaşdıqda, raket, ilk növbədə aerodinamik sükanlara görə 20-30 vahidə çatan həddindən artıq yüklənmə ilə manevr edir. Bu isə ona qarşı atılan raket əleyhinə raketlərdən qaçmaq imkanı verir.
Əhəd Əzizov