
İspaniya hökuməti HÜRJET təlim təyyarələrinin satın alınmasını təsdiqləyib
İspaniyanın Nazirlər Kabineti hərbi pilotların hazırlanması üçün mövcud AE.09 (F-5) təyyarələrini əvəz edəcək İnteqrasiya olunmuş Təlim Sisteminin (ITS-C) alınmasına dair müqavilənin bağlanmasına icazə verən razılaşmanı təsdiqləyib.
“Poliqon” İspaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri təxminən 3.12 milyard avrodur.
Müqavilə üzrə alınacaq müasir təlim təyyarələri pilotların hazırlığını yeniləmək, genişləndirmək və təkmilləşdirmək, eləcə də yeni və mürəkkəb təhlükəsizlik şəraitlərində əməliyyatlara tam hazır olmalarını təmin etmək üçün nəzərdə tutulur.
Müqavilənin müddəti onun rəsmiləşdirildiyi tarixdən 2035-ci il noyabrın 30-dək davam edəcək və uzadılma imkanı olmayacaq.
Qeyd edək ki, burada söhbət Türkiyədən 45 ədəd HÜRJET təlim təyyarəsinin alınmasından gedir. Cari ilin may ayında TUSAŞ, “Airbus” və İspaniya Müdafiə Nazirliyi arasında HÜRJET-in İspaniyaya satışını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Bu ilin iyul ayında isə TUSAŞ ilə “Airbus” şirkətləri arasında HÜRJET reaktiv təlim təyyarəsinin İspaniyaya ixracını sürətləndirəcək əməkdaşlıq sazişi imzalanıb. Ən az 30 il İspaniya Hava-Kosmik Qüvvələrində xidmət edəcək 45 ədəd HÜRJET təlim təyyarəsinin çatdırılmasına 2028-ci ildən başlanması planlaşdırılıb.
