
İsrail əsgərləri robotlarla əvəz edir
İsrail Müdafiə Ordusunun nümayəndələri əsgərləri əvəz edə biləcək döyüş robotlarının istismarına başlayıb.
“Poliqon” İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə Ordusu Qəzza zolağı ilə sərhəddə avtomatlaşdırılmış “Jaguar” maşınlarını yerləşdirib.
“Onlarla sensor, avtomatlaşdırılmış sürücü sistemi, genişləndirilmiş atəş qabiliyyəti və xəbərdarlıq sistemi ilə təchiz olunmuş bu robot İsrail Müdafiə Ordusunu daha səmərəli və texnoloji cəhətdən inkişaf etdirir”, – deyə İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
“Jaguar” robotlaşdırılmış maşını “İsrail Aerospace Industrie” (IAI) şirkəti tərəfindən hazırlanıb. Pilotsuz vasitə həm yerindən, həm də hərəkətdə nişangah atəşi apara bilən 7.62 mm-lik MAG pulemyotu ilə təchiz edilib. Maşın, ərazidə səmtləşmə və görüntülərin operatora ötürülməsi üçün yüksək dəqiqlikli kameralardan istifadə edir. Həmçinin maşında, güclü işıqlandırma vasitələri və məsafədən idarə olunan rabitə sistemi nəzərdə tutulub. Bundan başqa, düşmən tərəfindən texnologiyaların ələ keçirilməməsi üçün hazırlanmış özünü məhvetmə sistemi ilə digər robot-maşınlardan fərqlənir. “Jaguar” elektrik mühərrikli üç oxlu altı təkərli yüksək keçidlikli şassi üzərində qurulub.
Xarici görünüşündən “Jaguar” robotlaşdırılmış maşını ABŞ və Rusiya istehsalı robot platformalarına bənzəyir, lakin əsas üstünlüyü gözdən gizlənir. Belə ki, maşın əngəllərdən qaçmağın yollarını taparaq müstəqil olaraq ən optimal yolu seçə və təyin olunmuş yerə çata bilir. Eyni zamanda, operatorlar istənilən vaxt maşını idarə edə bilərlər. Bu da, “Jaguar” robotlaşdırılmış maşınını yalnız avtonom istifadə imkanlarını sınayan rəqiblərdən fərqləndirir.
Əhəd Əzizov