İsrail Avropa ölkəsinə ATMOS ÖAQ və PULS YARS-lar tədarük edəcək
İsrailin “Elbit Systems” şirkəti NATO üzvü olan Avropa ölkəsinə ATMOS özüyeriyən artilleriya qurğuları (ÖAQ) və PULS yaylım atəşli reaktiv sistemlər (YARS) tədarük edəcək.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bunun üçün şirkət sifarişçilə ümumi dəyəri 252 milyon ABŞ dolları olan iki müqavilə imzalayıb.
İlk müqaviləyə əsasən, “Elbit Systems” adını açıqlamadığı NATO ölkəsinə 119 milyon ABŞ dolları dəyərində bir tabor 155 mm-lik ATMOS ÖAQ tədarük edəcək və bu sifarişi iki il ərzində həyata keçirəcək.
İkinci müqaviləyə uyğun olaraq isə, şirkət müştəriyə 133 milyon dollar dəyərində iki batareya PULS YARS (raketlərlə birlikdə) təmin edəcək və bütün işləri üç il müddətində reallaşdıracaq.
Qeyd edək ki, şirkətin adını açıqlamadığı sifarişçinin Danimarka olması ehtimalı böyükdür. Buna səbəb 2023-cü il 26 yanvar tarixində Danimarka Müdafiə Nazirliyinin Material və Təchizat Agentliyinin ATMOS ÖAQ və PULS YARS-ların satınalınması üçün “Elbit Systems” ilə danışıqlara başlamasını açıqlamasıdır.
ATMOS 2000 (Autonomous Truck Mounted Howitzer System) ÖAQ İsrailin “Elbit Systems” şirkətinin tərkibinə daxil olan “Soltam Systems” tərəfindən layihələndirilmiş və istehsal edilmiş 155 mm-lik özüyeriyən haubitsadır. ATMOS 2000 ÖAQ ailənin ən son nəsil artilleriya sistemidir.
Haubitsa 6×6 və ya 8×8 yük maşınlarının şassisinə quraşdırıla bilir. Özüyeriyən silahlar 39, 45 və 52 çap uzunluğunda lülələrlə təchiz olunur.
ATMOS 2000 ÖAQ 155 mm-lik NATO mərmilərinin tam çeşidindən istifadə edə bilir. Maksimal atəş məsafəsi adi döyüş sursatları ilə 30 km, aktiv-reaktiv ERFB/BB döyüş sursatları ilə 41 km-dir. Maksimal atəş tezliyi dəqiqədə 4 – 9 atış təşkil edir.
Perspektivli PULS YARS “Elbit Systems” şirkətinin müxtəlif, o cümlədən yüksək dəqiqlikli, idarə olunan reaktiv sursatlardan istifadə etmək imkanı olan 2 konteyneri yerləşdirən çoxməqsədli dəqiq universal buraxma sisteminin (Precise Universal Launching System) əsasında hazırlanıb.
PULS YARS buraxma qurğusuna aşağıda sadalan reaktiv mərmilər olan 2 konteyner yerləşdirilə bilər:
- 122 mm çaplı və 35 km-ə qədər uçuş mənzilli AccuLAR-122 – 18 ədəd;
- 160 mm çaplı və 40 km-ə qədər uçuş mənzilli AccuLAR-160 – 10 ədəd;
- 306 mm çaplı və 150 km-ə qədər uçuş mənzilli Extra – 4 ədəd;
- 370 mm çaplı və 300 km-ə qədər uçuş mənzilli Predator Hawk – 2 ədəd.