QuruXəbərlər

İsrail “Iron Dome” sisteminin yeni imkanlarını sınaqdan keçirdi

İsrail Raketdən Müdafiə Təşkilatı “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkəti ilə birlikdə “Iron Dome” hava hücumundan müdafiə (HHM) sisteminin geniş spektrli qabaqcıl təhdidlərə qarşı hərtərəfli sınaq seriyasını uğurla başa çatdırıb.

“Poliqon” “Rafael”ə istinadən xəbər verir ki, sınaqlar zamanı müharibə dövründə əldə olunan əməliyyat təcrübələri də nəzərə alınıb.

Sınaq seriyası çərçivəsində sistemə inteqrasiya edilən bir sıra yeniliklər yoxlanılıb. Bu yeniliklər mövcud və gələcək təhdidləri simulyasiya edən müxtəlif ssenarilər üzrə sistemin imkanlarını daha da artırmağa yönəlib.

Bundan əlavə, İsrail Müdafiə Nazirliyinin Müdafiə Tədqiqatları və İnkişafı Direktorluğunun Araşdırma və İnkişaf Bölməsi tərəfindən “Iron Dome” sistemini tamamlayıcı vasitə kimi hazırlanmış yüksək güclü lazer əsaslı “Iron Beam” sisteminin əməliyyat inteqrasiyası da sınaqdan keçirilib. Bu çərçivədə “Iron Dome”un döyüş idarəetmə mərkəzinə inteqrasiya olunmuş birgə əməliyyat ssenariləri test edilib.

Sınaqlar zamanı nümayiş etdirilən yeni imkanlar sistemin müxtəlif hücum ssenarilərinə qarşı müdafiə potensialında mühüm sıçrayış hesab olunur. Eyni zamanda, bu addım İsrail Müdafiə Qüvvələrinin həm müdafiə, həm də hücum xarakterli gələcək sistem və imkanlar üzrə keyfiyyət və strateji üstünlüyünün qorunmasına xidmət edir.

2011-ci ildə İsrail Hərbi Hava Qüvvələrinə təhvil verilərək istismara qəbul olunan “Iron Dome” HHM sistemi İsrailin hava və raketdən müdafiə şəbəkəsinin əsas komponentlərindən biridir. Müharibə ərzində sistem minlərlə raketi və digər hava təhdidlərini uğurla zərərsizləşdirərək insan itkilərinin və strateji obyektlərə dəyən ziyanın qarşısını alıb.

“Iron Dome” HHM sisteminin baş podratçısı “Rafael” şirkətidir. Layihə çərçivəsində “Rafael”, “Israel Aerospace Industries” şirkətinin (IAI) “ELTA Systems” bölməsi və “mPrest” ilə əməkdaşlıq edir.

“Iron Beam” sisteminin baş podratçısı da “Rafael” şirkətidir. Lazer mənbəyinin hazırlanmasına subpodratçı kimi “Elbit Systems” şirkəti cavabdehlik daşıyır. Layihədə həmçinin SCD və “Shafir Production Systems” kimi digər müdafiə sənayesi şirkətləri də iştirak edir.

Back to top button