
Çexiyanın “AERO Vodochody AEROSPACE” şirkəti Serbiyaya L-39 “Skyfox” təlim-döyüş təyyarələrinin tədarükü ilə bağlı danışıqların əhəmiyyətli dərəcədə irəlilədiyini açıqlayıb.
“Poliqon” xəbər verir ki, şirkət bununla bağlı yayılan məlumatlara dair rəsmi bəyanat yayıb.
Bildirilib ki, Çexiyanın Baş naziri Andrey Babişin Serbiyaya rəsmi səfəri zamanı Serbiya tərəfinə L-39 “Skyfox” təyyarələrinin tədarükü ilə bağlı konkret təklif təqdim olunub. Təklif Serbiya tərəfindən müsbət qarşılanıb və hazırda tərəflər texniki, kommersiya və maliyyə məsələləri üzrə qalan məqamların razılaşdırılması üzərində çalışırlar.
Şirkətin məlumatına görə, layihə yalnız təyyarələrin tədarükünü deyil, həm də geniş spektrli texniki, əməliyyat və müqavilə məsələlərini əhatə edir. Belə miqyaslı layihələrdə təklifin təqdim edilməsindən müqavilənin imzalanmasına qədər prosesin bir neçə ay davam etməsi normal hesab olunur.
Şirkət danışıqların standart qaydada və adi müddətlər çərçivəsində davam etdiyini vurğulayıb. Eyni zamanda, kommersiya danışıqlarının irəliləmiş mərhələdə olması ilə müqavilənin faktiki imzalanması arasında fərq olduğunu qeyd edib.
“AERO Vodochody AEROSPACE” təklifin keyfiyyətinə və L-39 “Skyfox” təyyarələrinin Serbiya Hərbi Hava Qüvvələrinə verə biləcəyi imkanlara əmin olduğunu bildirib. Şirkət danışıqların yaxın gələcəkdə uğurla yekunlaşacağına nikbin yanaşır.
Qeyd edək ki, şirkət hazırda kommersiya müzakirələri davam etdiyi üçün layihənin əlavə təfərrüatlarını açıqlamağı məqsədəuyğun hesab etmir.





