İsrail müdafiə naziri: İran qabaqcıl silahların qlobal tədarükçüsünə çevrilib
İran qabaqcıl silahların qlobal tədarükçüsünə çevrilib və hazırda dünyanın bir çox ölkəsi ilə bu cür təchizatla bağlı danışıqlar aparır.
“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan dəyirmi masada İsrailin müdafiə naziri Yoav Qallant deyib. Onun açıqlamalarını İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Y.Qallant bildirib ki, İran Şərqi Avropada Belarusdan Cənubi Amerikada Venesuelaya kimi bir sıra ölkələrə 1000 km-ə qədər uçuş məsafəsinə malik pilotsuz uçuş aparatları (PUA) çatdırıb.
İsrailin müdafiə naziri İranın hazırda ən azı 50 ölkə ilə qabaqcıl silahların, o cümlədən PUA-ların və dəqiq idarə olunan hərbi sursatların satışı üzrə danışıqlar apardığını qeyd edib.
Xatırladaq ki, ötən həftələrdə İran kəşfiyyat nazirinin müşaviri 90 ölkənin İrandan müxtəlif tipli PUA almaq istədiyini açıqlamışdı.