İsraildə aviasiya lazerinin sınağı keçirilib

İsraildə aviasiya lazerinin sınağı keçirilib

İsrail Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələri və “Elbit Systems” şirkəti ilə birlikdə pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üçün yeni silahı – bort lazerini sınaqdan keçirib.

“Poliqon” xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi “YouTube” kanalında HPL-WS lazer qurğusunun sınaqlarını nümayiş etdirib.

HPL-WS (High-Power Laser Weapon System) yüksək güclü lazer silah sistemi təyyarələrə quraşdırıla bilən döyüş lazer qurğusudur. Gələcəkdə “Elbit Systems” şirkəti və İsrail Müdafiə Nazirliyi hədəflərin məhv edilməsi məsafəsini, həmçinin, enerji silahlarının gücünü artıraraq HPL-WS texnologiyasını daha da geniş tətbiq etmək niyyətindədir.

Sınaqları keçirilən lazer sistemi, yüngül tək mühərrikli turbopərli Cessna 208B “Grand Caravan” təyyarəsinə quraşdırılıb. Sınaqlar zamanı hərbçilər, miqdarı açıqlanmayan bir çox PUA-nı uğurla məhv edən bir sıra ssenariləri icra ediblər. Eyni zamanda, lazerin katapultdan buraxılmış kiçik PUA-nı 1 km-dən çox məsafədə vurduğu məlumdur. Bu zaman, lazer hədəfi izləyir, bir neçə saniyədən sonra onu yandırır və PUA suya düşür.

Belə sistem kifayət qədər ucuz başa gəldiyi üçün ilk növbədə bahalı “Dəmir Günbəz” (“İron Dome) kimi sistemlərin tamamlayıcı hissəsi olaraq nəzərdə tutulur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS