
Türkiyənin İstanbul şəhərində keçirilən və mayın 9-dək davam edəcək SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi öz işinə başlayıb.
“Poliqon” xəbər verir ki, “SAHA İstanbul” klasterinin təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilən sərgi ümumilikdə 400 min kvadratmetr sahəni əhatə edir və bunun 20 min kvadratmetri açıq ekspozisiya zonasıdır.
120-dən çox ölkənin iştirak etdiyi SAHA 2026 sərgisində 1700-dən artıq şirkət (onlardan 263-ü xarici olmaqla) təmsil olunur. Beş gün davam edəcək tədbirdə 140-dan çox rəsmi heyətin, 800-dən artıq rəsmi nümayəndənin, 200-dən çox satınalma heyəti təmsilçisinin, 200 mindən artıq ziyarətçinin və 30 mindən çox müdafiə sənayesi mütəxəssisinin iştirakı gözlənilir. Bununla yanaşı, sərgidə 25-dən çox ölkənin nazirləri və yüksək rütbəli hərbi şəxsləri də iştirak edəcək.
Sərgi çərçivəsində 30 mindən çox B2B görüşün keçirilməsi planlaşdırılır. Bu isə SAHA 2026-nı yalnız sərgi deyil, eyni zamanda biznes inkişafı, tədarük zənciri əlaqələrinin qurulması və strateji tərəfdaşlıqlar üçün mühüm platformaya çevirir.
SAHA 2026 sərgisində 203 yeni məhsulun təqdimatı nəzərdə tutulur. Bundan əlavə, ümumi dəyəri 4 milyard ABŞ dolları olan 164 müqavilənin imzalanması planlaşdırılır ki, bu da əvvəlki sərgidə əldə edilən ixrac göstəricilərindən təxminən 3 dəfə çoxdur.
Qeyd edək ki, “Poliqon” jurnalı SAHA 2026 sərgisində rəsmi media tərəfdaşı qismində iştirak edir. Sərgi çərçivəsində jurnalın Xüsusi Buraxılışı ziyarətçilər və iştirakçılar arasında yayımlanacaq.
Eyni zamanda, “Poliqon” sərgi müddətində tədbiri yerindən operativ şəkildə işıqlandıraraq oxucularına və izləyicilərinə ən aktual məlumatları təqdim edəcək. Jurnal tərəfindən sərgidə nümayiş etdirilən ən son texnoloji yeniliklər, müdafiə sənayesinin yeni məhsulları və perspektiv layihələr barədə geniş reportajlar hazırlanacaq.
Bununla yanaşı, aparıcı şirkət nümayəndələri, rəsmi şəxslər və sahə üzrə ekspertlərlə eksklüziv müsahibələrin təşkili də nəzərdə tutulur.



























