İsveç Finlandiyaya NLAW tank əleyhinə raket kompleksləri tədarük edəcək
İsveçin “Saab” şirkəti Finlandiya Ordusuna NLAW (Next Generation Light Anti-Tank Weapon) tank əleyhinə raket kompleksləri tədarük edəcək.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla bağlı şirkət Finlandiya Müdafiə Qüvvələrinin Logistika Komandanlığından 400 milyon İsveç kronu (38.3 milyon ABŞ dolları) dəyərində sifariş alıb.
Sifarişə əsasən, “Saab” NLAW komplekslərinin Finlandiya Ordusuna çatdırılması işlərini 2024-cü ildə yerinə yetirəcək.
Qeyd edək ki, İsveçdə “Robot 57” adlanan kompleks müasir zirehli texnikalar ilə mübarizə aparmaq üçün istifadə olunur. NLAW-ın 500 mm qalınlığındakı zirehləri dəlmək bacarığı ona həm zirehli nəqliyyat vasitələrini, həm də güclü zirehlə qorunan əsas döyüş tanklarını sıradan çıxarmağa imkan verir.
Döyüş mənzili 20-800 metr və ağırlığı 12.5 kiloqram olan kompleksin xidməti dövrü 20 ildir. Ondan istifadə edən personal hədəfin aşkarlanmasından nişanlanmaya qədər təxminən 5 saniyə vaxt sərf edir.