
İsveç Müdafiə Nazirliyi “YSF Lulea” layihəsi çərçivəsində Hərbi Dəniz Qüvvələrinə (HDQ) dörd ədəd FDI (defence and intervention frigate) tipli müdafiə və müdaxilə freqatının tədarükü üçün “Naval Group” şirkətini seçib.
“Poliqon” xəbər verir ki, bununla bağlı “Naval Group” şirkəti məlumat yayıb.
Bildirilib ki, seçim qərarı rəqabətli tender prosesinin yekunlaşdığını göstərir və tərəflər arasında son danışıqlar mərhələsinə keçid üçün zəmin yaradır.
İsveç Müdafiə Nazirliyi tərəfindən seçilən FDI, yeni nəsil çoxməqsədli freqat hesab olunur. Hazırda Fransa və Yunanıstan HDQ-nin donanmasında yer alan FDI freqatı bütün döyüş sahələrindəki effektiv qabiliyyətləri, xüsusilə “Aster” raketi əsaslı hava hücumundan müdafiə (HHM) imkanları ilə seçilir.
Qeyd olunub ki, FDI freqatı Şimal bölgəsinin çətin dəniz şəraitindən isti sulardakı əməliyyatlara qədər mövcud və gələcək təhdidlərə qarşı fəaliyyət göstərə biləcək imkanlara malikdir. Bu freqat İsveç Hərbi Dəniz Qüvvələrinə NATO və müttəfiq dəniz əməliyyatlarında ölkənin mühüm rolunu dəstəkləmək üçün genişləndirilmiş imkanlar qazandıracaq. Gəmilər İsveç HDQ-ni gücləndirəcək və ölkənin müdafiəsində əsas rol oynayacaq.




