
JSM raketlərinin ilk partiyası Norveç HHQ-yə təhvil verilib
“Joint Strike Missile” (JSM) qanadlı raketlərinin ilk partiyası Norveç Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilib.
“Poliqon” Norveçin Müdafiə Avadanlıqları Təşkilatına istinadən xəbər verir ki, bu münasibətlə Orland Aviabazasında mərasim keçirilib.
Mərasimdə JSM raketlərindən başqa, 51 və 52-ci F-35A qırıcıları da Norveç HHQ-nin istismarına daxil edilib.
Xatırladaq ki, sözügedən qırıcılar bu ayın əvvəli ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən Norveç HHQ-yə çatdırılıb. Bununla da şirkət Norveçin verdiyi 52 ədədlik F-35 sifarişini tamamlayıb.
JSM, Norveç mərkəzli “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkətinin istehsalı olan qanadlı raketdir. “Hava-səth” təyinatlı “Joint Strike Missile” raketi su və quru səthindəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. Mürəkkəb tapşırıqları yerinə yetirməyə imkan verən JSM təyyarədən kənarda, bortda və uçuşda missiya planlaşdırma qabiliyyətinə malikdir.
Hazırda “Joint Strike Missile” raketi Norveç və ABŞ Hərbi Hava Qüvvələri tərəfindən seçilib. İstehsalçı şirkət gələcəkdə digər NATO ölkələrinin də bu raketi seçmək ehtimallarını yüksək qiymətləndirir.
Qeyd edək ki, JSM raketləri Norveç HHQ-nin F-35 qırıcıları tərəfindən istifadə ediləcək.