Xəbərlər

K-9 “Thunder” özüyeriyən haubitsa coğrafiyasını genişləndirir

Cənubi Koreyanın K-9 “Thunder” – özüyeriyən haubitsası son illər Avropa, Asiya və Avstraliya qitəsində elan edilmiş tenderlərdə seçilərək qlobal özüyeriyən artilleriya sistemləri bazarında mövqelərini möhkəmləndirir.

K-9 haubitsasının ilk və ən böyük xarici sifarişçisi Türkiyədir. Cənubi Koreya 2000-ci illərin əvvəllərində imzalanmış müqaviləyə əsasən Türkiyəyə yerli istehsalın yaradılması üçün texnologiya transferi edib. Sözügedən müqavilə çərçivəsində 350 və sonrakı mərhələdə sifarişlərdən asılı olaraq özüyeriyən haubitsaların Türkiyədə təkmilləşdirmə və hissələrin yerliləşdirilməsi yolu ilə istehsalı həyata keçirilib.

Ötən dönəmdə K-9 özüyeriyən haubitsaları Hindistan, Polşa, Norveç, Finlandiya və Estoniyanın tenderlərində Almaniya, Fransa və Rusiyanın analoji sistemləri ilə rəqabət apararaq seçilmişdir. 2014-2020-ci illərdə Cənubi Koreya və Türkiyə istisna olunmaqla, yeni müştərilər tərəfindən verilmiş K-9 sifarişlərin sayı 370 ədəd təşkil edib.k9tt

Sentyabr ayının 3-də Avstraliya Müdafiə Nazirliyi özüyeriyən artilleriya sistemlərinin satın alınmasını nəzərdə tutan “Land 8116 Protected Mobile Fires” proqramında 155 mm/52 kalibr K-9 “Thunder” özüyeriyən haubitsaların seçildiyini elan edib. “Hanwha Defence Australia” (Cənubi Koreyanın “Hanwha Techwin” şirkətinin Avstraliya bölməsi) şirkəti ilə imzalanmış 950 milyon ABŞ dolları dəyərində müqavilə çərçivəsində 30 ədəd K-9 (Huntsman AS9 adlanacaq) özüyeriyən haubitsa və 15 ədəd K-10 (Huntsman AS10 adlanacaq) nəqliyyat-yükləyici maşını alınacaq. Özüyeriyən artilleriya qurğularının C4 sistemləri isə “Kongsberg Defence Australia” şirkəti tərəfindən istehsal və inteqrasiya ediləcək.

Gərgin rəqabət mühitində “Land 8116 Protected Mobile Fires” proqramında K-9-un özüyeriyən haubitsanın rəqibi Almaniyanın KMW və “Rheinmetall” şirkətlərinin birgə istehsalı olan 155-mm/52 kalibr PzH-2000 özüyeriyən haubitsa olub.

Çəkisi 47 ton təşkil edən K-9 özüyeriyən haubitsanın uzunluğu 12 metr, eni 3,4 metr, heyəti 5 (sürücü, komandir, silah operatoru və 2 doldurucu) nəfərdir. “Hyundai” şirkətinin istehsalı olan 155 mm 52 kalibr WIA CN98 topu ilə silahlandırılmış haubitsanın atəş uzaqlığı 52 kilometrədəkdir. Döyüş maşınının damında 1 ədəd 12,7 mm çaplı K6 pulemyotu quraşdırılıb.

Özüyeriyən haubitsa Almaniyanın MTU şirkətinin istehsalı olan 1000 at gücündə səkkiz silindirli MT 881 Ka-500 dizel mühərrik və Cənubi Koreyanın “S&T Dynamics” şirkətinin istehsalı olan X1100-5A3 transmissiyası ilə təchiz olunub.

Hindistan

“Hanwha Techwin” yerli tərəfdaşı “Larsen & Toubro Limited” şirkəti ilə birlikdə 2015-ci ildə Hindistan Ordusunun 100 ədəd özüyeriyən haubitsanın yerli istehsalının təşkil edilməsi yolu ilə satın alınmasına dair beynəlxalq tenderə qatılmış, final mərhələyə keçən K-9 Rusiya istehsalı olan 2S19 “Msta-S” özüyeriyən haubitsa ilə rəqabət apararaq müsabiqənin qalibi seçilmişdir. Hindistan Ordusu ilə imzalanmış müqavilənin dəyəri 800 milyon ABŞ dolları təşkil edir.

Hindistan Ordusunda K-9 “Vajra” indeksi ilə silahlanmaya qəbul edilib.

İstehsalçıların açıqlamasına görə, 2020-ci ilin yanvarına qədər sifariş verilmiş özüyeriyən haubitsaların yarıdan çoxu istehsal edilərək, vaxtından əvvəl orduya təhvil verilib. “Hanwha Techwin” digər ölkələrlə müqavilədə olduğu kimi Hindistanda da işlərin sürətli şəkildə icrasını həyata keçirir.

K-9 Avropa bazarında

800px AHS Krab in Kyiv 01

K-9 özüyeriyən haubitsalarının dünya çapında tanınan və tarixə sahib artilleriya istehsalçılarının hökm sürdüyü Avropa bazarına girişi 2014-cü ildə Polşaya ixracatla başlayıb. 2014-cü ilin dekabr ayında Polşa və Cənubi Koreya arasında 320 milyon ABŞ dolları dəyərində 120 ədəd K-9 özüyeriyən haubitsanın satın alınmasına dair müqavilə imzalanıb. Sözügedən müqavilə çərçivəsində K-9-lar Polşanın “Huta Stalowa Wola” şirkəti ilə birlikdə AHS “Krab” indeksiylə istehsal edilir.

Bundan sonra, 2017-ci ilin dekabr ayında Norveç Müdafiə Materialları Agentliyi ilə imzalanan 383 milyon dollar dəyərində müqavilə çərçivəsində Norveç Ordusu 24 ədəd K-9 özüyeriyən haubitsa və 6 ədəd K-10 nəqliyyat-yükləmə maşını alıb. K-9-un Norveç variantı K9 VIDAR (Versatile InDirect Artillery) adlandırılır. K9 VIDAR haubitsası Norveç Ordusunun ODIN döyüş idarəetmə və rabitə sistemi dəstləşdirilib.

Hərbi mediada yer alan məlumatlara görə, Norveçin elan etdiyi tenderdə K-9-un rəqibləri İsveçrənin RUAG şirkətinin M109 “Kawest”, KMW və “Rheinmetall” şirkətlərinin birgə istehsalı olan PzH-2000 (Panzerhaubitze 2000) və “Nexter” şirkətinin istehsalı olan “Caesar” özüyeriyən haubitsaları olub.

2017-ci ilin fevral ayında Finlandiya Müdafiə Nazirliyi 2018-2025-ci illərdə Cənubi Koreyadan 155 milyon dollar dəyərində 48 ədəd ikinci əl K9 özüyeriyən haubitsanın satın alacağını açıqlayıb. Finlandiya Silahlı Qüvvələri strateji inkişaf proqramına uyğun olaraq, keçmiş Sovet istehsalı olan özüyeriyən haubitsalarını gələcəkdə mərhələlərlə K-9 ilə əvəz etməyi planlaşdırılır.

Finlandiya ilə yanaşı, 2018-ci ilin iyun ayında Estoniya da Cənubi Koreyadan 12 ədəd ikinci əl K-9 alınması planını elan edib. 46 milyon avro təşkil edən sifariş üzrə çatdırılmalar 2021-ci ildə yekunlaşacaq.

Yeni istifadəçilər və perspektivlər

1024px T 155Firtina 1

Özüyeriyən haubitsanın potensial müştərilərindən biri kimi Misir görülür. Tərəflər arasında danışıqlara 2010-cu ildə başlansa da siyasi səbəblərdən dolayı indiyədək proses baş tutmayıb.

2010-2013-cü illərdə K-9-un Türkiyə versiyası olan T-155 “Fırtına”nın (36 ədəd) alqı-satqısına dair Azərbaycanla Türkiyə arasında müqavilə imzalansa da, Almaniyanın MTU şirkətinin mühərriklərin tədarükünə embarqo qoyması müqavilənin pozulmasına səbəb olub. Nəticədə Azərbaycan K-9/T-155 özüyeriyən artilleriya sistemlərini ala bilməyib.

Sonrakı dövrdə Türkiyə MKEK təşkiları T-155 “Fırtına”ların ixracatına maneə yaradan mühərrik probleminin həlli istiqamətində bir neçə mühərrik istehsalçısı ilə görüşüldüyünü bəyan edib.

“Hanwha Defence” şirkəti noyabrın 13-də yaydığı açıqlamada Cənubi Koreya Ordusuna K9 “Thunder” özüyeriyən haubitsaların tədarükünü tamamilə başa çatdırdığını bəyan edib. Açıq qaynaqların məlumatına görə, Cənubi Koreya Ordusu 1999-cu ildən bu günədək 1300-ə yaxın K-9 alıb. Ümumilikdə dünya üzrə 1700-dən çox K-9 xidmətdədir.

Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı İdarəsinin (Defense Acquisition Program Administration –DAPA) rəsmisi “Yonhap” agentliyinə açıqlamasında özüyeriyən haubitsanın naviqasiya avadanlığı və əməliyyat sistemi də daxil olmaqla tam şəkildə milli imkanlar hesabına inkişaf etdirilməsinin və uzaqdan idarəetmə funksiyalarının əlavə edilməsinin planlaşdırıldığını qeyd edib.

Qeyd edək ki, 2018-ci ildən “Hanwha Defence” sifarişçilərə K-9 haubitsasının təkmilləşdirilmiş variantı olan K-9A1 haubitsalarını təqdim edir. Təkmilləşdirilmiş K-9A1 haubitsası avtomatik atəş idarəetmə sistemi, GPS və inersial naviqasiya cihazları, sürücü üçün əlavə termal periskop və arxa hissədə görmə kamerası, yeni köməkçi güc qurğusu ilə təchiz olunub.

K-9A2 adlandırılan yeni variant isə tamamilə avtomatik sursat yükləmə və idarə etmə sisteminə malik insansız qüllə ilə təchiz ediləcək. K-9A2 haubitsasının Böyük Britaniya Ordusunun Mobil Atəş Proqramına (British Army’s Mobile Fires Program) da təklif edilməsi gözlənilir. AD

Azər Hüseynov

Back to top button