
Rusiyanın “Kalaşnikov” konserni 2026-cı il üçün dövlət müqaviləsinin şərtlərinə uyğun olaraq AK-12K avtomatının istehsal həcmini artırır.
“Poliqon”un “Kalaşnikov”a istinadən verdiyi xəbərə görə, cari ilin birinci rübündə AK-12K avtomatının istehsal həcmi 2025-ci illə müqayisədə 15% artıb.
Bildirilib ki, bu məhsul xüsusi hərbi əməliyyat zonasında Rusiya Silahlı Qüvvələri tərəfindən yüksək tələb görür.
Qısaldılmış 5.45 mm-lik AK-12K avtomatı “Kalaşnikov”un konstruktor kollektivi tərəfindən Hava-Desant Qoşunlarının hücum və kəşfiyyat bölmələrinin tələbi əsasında hazırlanıb və qısa müddətdə planlı seriya istehsalına buraxılıb.
AK-12K müasir döyüşün tələblərinə cavab verən təkmilləşdirilmiş texniki, erqonomik və istismar xüsusiyyətləri ilə seçilir. Daha kiçik ölçü və çəki göstəricilərinə baxmayaraq, o, tamölçülü 5.45 mm-lik AK-12-nin bütün əsas keyfiyyətlərini qoruyub saxlayıb. Silah aşağı səs-küylü atəş cihazı (səsboğucu) ilə komplektləşdirilib.
“Kalaşnikov” avtomatlarının istehsalında ilk dəfə tətbiq edilən “Multicam” rənglənməsi istifadəçilər tərəfindən döyüşçülərin və onların silahlarının effektiv maskalanmasını təmin etdiyinə görə müsbət qiymətləndirilib.
AK-12K avtomatının əsas texniki xüsusiyyətləri:
- Kalibr: 5.45 mm
- İstifadə olunan patron: 5.45×39 mm
- Maqazinsiz, kəmərsiz və ləvazimatsız kütlə: 3.4 kq-dən çox deyil
- Maqazin tutumu: 30 patron
- Avtomatın uzunluğu (səsboğucusuz):
- Döyüş vəziyyətində: 810 mm
- Yürüş vəziyyətində: 570 mm
- Lülə uzunluğu: 290±20 mm




