“Kalaşnikov” yeni “Krona” zenit-raket kompleksini təqdim edib

“Kalaşnikov” yeni “Krona” zenit-raket kompleksini təqdim edib

Rusiyanın “Kalaşnikov” konserni ən yeni “Krona” zenit-raket kompleksini təqdim edib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, döyüş meydanında müxtəlif sinif pilotsuz uçuş aparatlarının (PUA) görünməsi ilə qısa mənzilli, yəni 10 km-ə qədər məsafədə hədəfi vura bilən komplekslərə ehtiyac artıb.

Hərbi əməliyyat zonasında indi PUA-larla mübarizə ön plana çıxır.

Hazırda Rusiya-Ukrayna müharibəsinin hərbi əməliyyat zonalarında Rusiya tərəfdən əsasən 9K35 “Strela-10”, “Sosna” və 96K6 “Pantsir-S1” zenit-raket kompleksləri (ZRK) fəaliyyət göstərir. Orta sinif PUA-larla mübarizədə əsasən 9K333 “Verba”, 9K36 “Strela-3” və 9K38/9K310/9K338 “İqla” kimi daşınan zenit-raket komplekslərindən istifadə olunur.

Bu komplekslərlə yanaşı, Ukraynadakı müharibə zamanı hər iki tərəfin hərbçiləri PUA-lara qarşı atıcı silahlardan, o cümlədən ov tüfənglərindən, dron əleyhinə silahlardan və müxtəlif radioelektron mübarizə sistemlərindən istifadə edir.

Lakin səmada orta sinif, yəni uçuş çəkisi 20 ilə 200 kq arasında olanda PUA-lar peyda olanda belə üsullarla onlarla mübarizənin effektivliyi xeyli aşağı düşür. Bu tip PUA-ların zəmanətli məhvi üçün artıq qısa mənzilli zenit-raket kompleksləri lazımdır.

Müharibə zamanı Ukraynanın böyük və kiçik PUA-larına qarşı əldə edilmiş mübarizə təcrübəsi Rusiyall konstruktorlara az gözəçarpan PUA-lar və qanadlı raketlər də daxil olmaqla, hətta ən mürəkkəb hədəflərə də təsirli şəkildə cavab verməyə qadir olan yeni manevrli və yüksək avtomatlaşdırılmış sistem yaratmaq ideyasını verib.

Tamamlanmış konstruktor və mühəndis işləri nəticəsində “Kalaşnikov” konserni sifarişçiyə “Krona” ərazi hava hücumundan müdafiənin qısa mənzilli zenit-raket kompleksinin döyüş modulunun, iki diapazonlu radiolokasiya sisteminin və komanda məntəqəsinin avtomatlaşdırılmış iş yerinin tam funksional maket nümunələrini təqdim edib.

Xatırladaq ki, “Kalaşnikov” konserni bundan əvvəl kompleksin “Krona-E” ixrac versiyasını cari ilin fevral ayında Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən IDEX-2025 beynəlxalq silah və müdafiə texnologiyaları sərgisində nümayiş etdirib.

İstehsalçının bildirdiyinə görə, “Krona-E” kompleksi mühüm dövlət obyektlərini, eləcə də şəhər infrastrukturu obyektlərini və xüsusi əhəmiyyət kəsb edən obyektləri, həmçinin saxlanma yerlərindəki xüsusi yükləri, strateji kommunikasiya tikililərini (qurğularını) hava zərbələrindən qorumaq üçün təyin edilib. “Krona-E” ZRK-nin əsas hədəfləri orta sinif PUA-lardır.

“Krona-E” aşkaretmə, idarəetmə və avtomatlaşdırılmış mobil döyüş maşınları və ya sistemə inteqrasiya olunmuş məhvetmə vasitələri ilə təchiz edilmiş stasionar döyüş modulları kompleksidir. Kompleksdə məhvetmə vasitələri qismində 9M340 və 9M333 zenit idarə olunan raketlərindən (ZİR) istifadə olunur.

9M340 raketinin sürəti 875 m/s-ə qədər, uçuş məsafəsi isə 10 km-ə qədərdir. O, optik-elektron müdaxilələrə davamlı, həmçinin infraqırmızı tələlərin təsirindən qorunan, müdaxilə və əlverişsiz hava şəraitində effektiv olan yarımavtomatik lazerşüa idarəetmə sistemi ilə təchiz edilib.

9M333 raketi üç diapazonlu optik-elektron özütuşlama başlığına malikdir. Raketin uçuş sürəti 550 m/s-dir və 5 km-ə qədər məsafədəki hədəfi məhv edə bilir.

“Krona-E” kompleksi müasir döyüşlərdə hava hücumundan müdafiə sistemlərindən istifadə təcrübəsini nəzərə alan Rusiyanın qısa mənzilli “Sosna”, “Ptitselov” və “Strela-10MN” ZRK-lərinin növbəti inkişafıdır. O, PUA-lardan başqa qanadlı raketləri, helikopterləri və taktiki aviasiya vasitələrini məhv edə bilir.

“Krona” mobil döyüş modulu BTR-82A zirehli trasportyorunda quraşdırılıb. Açıq mənbələrin məlumatına görə, hədəfin təyini “Repeynik” tipli portativ kiçikölçülü radiolokasiya stansiyası ilə təmin edilir ki, o, hətta gecə vaxtı da 10 km-ə qədər məsafədə və 5 km-ə qədər hündürlükdə ən kiçik PUA-ların koordinatlarını dəqiq müəyyən etməyə qadirdir.

Kompleks vahid hava hücumundan müdafiə sisteminə inteqrasiya oluna bilər. Bu, mülki və sənaye obyektləri üçün çoxsəviyyəli müdafiənin yaradılmasına imkan verir. Qeyd olunur ki, düşmən müxtəlif növ hava hücum vasitələrinin birləşməsi üsulundan istifadə edərək hədəflərə hücum etməyə cəhd etdikdə vahid şəbəkəyə inteqrasiya çox vacibdir.

“Kalaşnikov” konserninin nümayəndələri qeyd edirlər ki, “Krona-E” ZRK yüksək avtomatlaşdırma səviyyəsi və tez açılma qabiliyyəti ilə seçilir. Bu, kompleksin döyüş heyətinə tez bir zamanda buraxılış yerinə çatmağa və düşmənin cavab zərbəsindən qaçmaq üçün mövqeni tez tərk etməyə imkan verir.

Krona E

Əhəd Vahidoğlu

CATEGORIES