Kolumbiya 155 mm-lik CAESAR əvəzinə ATMOS haubitsalarını seçib

Kolumbiya 155 mm-lik CAESAR əvəzinə ATMOS haubitsalarını seçib

Kolumbiya İsrailin “Elbit Systems” şirkətindən 18 ədəd ATMOS təkərli 155 mm-lik özüyeriyən artilleriya qurğusu (ÖAQ, haubitsa) alacaq.

“Poliqon” “Defense News” nəşrinə istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 101,7 milyon ABŞ dolları təşkil edir.

Nəşr bildirib ki, Kolumbiyanın bu qərarı hərbi müşahidəçilər üçün çox gözlənilməz olub. Çünki, kolumbiyalı hərbiçilərin Fransanın “Nexter” şirkəti ilə CAESAR ÖAQ alınmasından ötrü müqavilə bağlayacağı gözlənilirdi.

Qeyd edək ki, “InfoDefense” nəşri artıq Kolumbiya Ordusunun CAESAR ÖAQ seçdiyini bildirmişdi. Lakin, yekun danışıqlar zamanı “Nexter” şirkəti alış qiymətini 114 milyon ABŞ dollarına çatdırıb ki, bu da Kolumbiya büdcəsinə daxil edilmiş xərclərin məbləğini üstələyib.

Sonra Kolumbiya İsrailə üz tutub və “Elbit Systems” şirkəti ilə 104 milyon ABŞ dollarına 18 ədəd ATMOS ÖAQ satışı ilə bağlı danışıqlar apara bilib.

ATMOS 2000 (Autonomous Truck Mounted howitzer System) zirehli kabinalı Tatra T815 VVN 6×6 şassisi üzərində təkərli haubitsadır. Haubitsa “Soltam Systems” şirkəti tərəfindən layihələndirilib, “Elbit Systems” şirkəti tərəfindən istehsal edilir. ÖAQ-ın artilleriya hissəsi 155 çaplı, 52 çap uzunluğunda yivli lüləyə malik Soltam ATHOS 2052 haubitsasıdır.

Haubitsadan adi mərmilərlə elan edilmiş atış məsafəsi 30 km, aktiv-reaktiv mərmilərlə isə 41 kilometrdir. Atəş tezliyi dəqiqədə 4-9 atış, daşınan döyüş dəsti 32 atəş yığımıdır. Gövdə uzunluğu 9500 mm, eni 2650 mm və hündürlüyü 3240 mm-dir. Döyüş vəziyyətində çəkisi 22 ton, heyəti 4-6 nəfərdir.

ÖAQ bort kompüterinə, mərminin başlanğıc sürət radarına, inertial və peyk naviqasiya sisteminə malikdir. Bu da, hər bir haubitsanın avtonom şəkildə fəaliyyət göstərməsinə imkan verir.

İstehsalçının məlumatına əsasən, haubitsa əsasən ixrac üçün hazırlanıb. İlk nümunə 1999-cu ildə təqdim edilib. O vaxtdan bəri dünyanın müxtəlif ordularının artilleriyasının yenilənməsi üçün keçirilən tenderlərdə iştirak edir. ATMOS ÖAQ Kamerun, Tayland, Uqanda, Botsvana, Filippin və Zambiya ordularında silahlanmada yer tutur.

İsrail Ordusu satın almaq üçün ATMOS ÖAQ-ı nəzərdən keçirmiş, lakin başqa bir milli ÖAQ-ı – “Elbit Systems” şirkətinin 155 mm-lik SIGMA-155 sisteminin təkmilləşdirilmiş versiyasını seçmişdir.

CAESAR (Camion équipé d’un système d’artillerie) Fransanın “Nexter” şirkəti tərəfindən layihələndirilmiş və istehsal edilmiş 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. Zirehki kabinalı 6×6 təkər formullu Renault Sherpa 10 şassisində quraşdırılmış artilleriya hissəsi 155 çaplı, 52 çap uzunluğunda lüləyə malik TR F1 haubitsasının təkmilləşdirilmiş variantıdır.

Haubitsadan ERFB mərmilərlə elan edilmiş atış məsafəsi 41 km, M982 “Excalibur” aktiv-reaktiv mərmilərlə 46-49 km, М2005 V-LAP mərmilərlə isə 54 km-dir. Atəş tezliyi 6 saniyədə 3 atış, daşınan döyüş dəsti 18 atəş yığımıdır. Gövdə uzunluğu 10500 mm, eni 2500 mm və hündürlüyü 3260 mm-dir. Döyüş vəziyyətində çəkisi 17,7 ton, heyəti 4-5 nəfərdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS