“Leonardo” M-346-ların sonuncu partiyasını Polşaya çatdırıb

“Leonardo” M-346-ların sonuncu partiyasını Polşaya çatdırıb

İtaliyanın “Leonardo” şirkəti Polşanın sifarişi əsasında istehsal etdiyi M-346 təlim təyyarələrinin sonuncu partiyasını bu ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.

“Poliqon” “Leonardo”ya istinadən xəbər verir ki, tərəflər arasında bağlanmış müqavilə çərçivədə Polşa HHQ-ə 4 ədəd M-346 təlim təyyarəsi çatdırılıb.

Polşa HHQ 2014-cü ildə aviasiya parkında yer alan TS-11 “Iskra” təlim təyyarələrinin əvəzlənməsi üçün M-346 təyyarəsini seçib. 2018-ci ilin noyabrında Polşa HHQ-nin Deblindəki aviabazasnda keçirilən mərasimdə M-346-ya xidməti olaraq “Bielik” adı verilib.

M-346 dördüncü və beşinci nəsil döyüş təyyarələrinin pilotlarının hazırlanması üçün nəzərdə tutulan təlim təyyarəsidir. Sonradan onun döyüş tapşırıqlarını da yerinə yetirə biləcək M-346FA (Fighter Attack) döyüş-hücum və M-346FT (Fighter Trainer) təlim-döyüş variantları da hazırlanıb.

Hazırda Polşa HHQ-nin aviasiya parkında ümumilikdə 16 ədəd M-346 təlim təyyarəsi xidmət göstərir. Bununla da Polşa təkcə İtaliyadan geri qalaraq Avropada ən çox M-346-ya sahib ikinci ölkə kimi qərarlaşır. Eyni zamanda Nigeriya, Türkmənistan və İsrail də bu təyyarələrin müxtəlif versiyalarından istifadə edir.

Xatırladaq ki, 2020-ci il fevralın 20-də Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi və “Leonardo” arasında M-346 təyyarələrinin alınmasına dair sənəd imzalanıb. Tərəflər arasında imzalanan müqavilənin dəyəri, M-346-nın hansı variantının və nə qədər sayda alınacağı ilə əlaqədar ictimaiyyətə məlumat verilməyib.

Poliqon.az

CATEGORIES
TAGS