Litva hərbçiləri Belarusla sərhəddi kvadrosikllərlə mühafizə edəcək

Litva hərbçiləri Belarusla sərhəddi kvadrosikllərlə mühafizə edəcək

Litvanın Könüllü Milli Müdafiə Qüvvələri Belarusla sərhəddə patrul xidməti aparmaq üçün kvadrosikllər alıb.

Bu barədə “Poliqon” Litva Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Litvanın Milli Müdafiə Nazirliyi 10 ədəd yeni “BRP Can-Am Outlander” MAX 1000 XTP T kvadrosikllərin Belarusla sərhəddə patrul xidməti göstərən Könüllü Milli Müdafiə Qüvvələrinin hərbi qulluqçularına veriləcəyini açıqlayıb. Onlar həm də Avropada ilk olaraq Litva Ordusuna çatdırılıblar.

Qeyd edək ki, Könüllü Milli Müdafiə Qüvvələri (Krašto apsaugos savanorių pajėgų – KASP) üçün alınmış “BRP Can-Am Outlander” MAX 1000 XTP T kvadrosiklləri Kanadanın “Bombardier Recreational Products” (BRP) hərbi təchizat şirkətinin ən son modelidir və hazırda texniki göstəricilər baxımından bazarda ən yaxşılarından biridir.

Xatırladaq ki, Litva Milli Müdafiə Nazirliyi yanında Müdafiə Resursları Agentliyi (Gynybos resursų agentūra prie Lietuvos krašto apsaugos ministerijos) 2021-ci ilin iyul ayında Litvanın UAB RMM şirkəti ilə kvadrosikllərin alınmasına dair müqavilə imzalayıb. Texnikaların təchizatı layihəsinin ümumi dəyəri təxminən 350 min avro təşkil edir.

Bu arada qeyd etmək lazımdır ki, Niderland Silahlı Qüvvələri cari ilin sonuna qədər Litvaya 125 ədəd Mercedes-Benz GD 290 yolsuzluq avtomobili təhvil verəcək ki, onların da əksəriyyəti Litvanın Milli Silahlı Qüvvələri üçün nəzərdə tutulub və dövlət sərhədinin mühafizəsi əməliyyatlarında istifadə olunacaq. Artıq ötən ilin dekabrın ayının 20-də hərbçilər bu avtomobillərin ilk partiyası ilə Belarusla sərhəddə tapşırıq yerinə yetiriblər.

2021-ci ilin noyabr ayında isə Litvanın Müdafiə Resursları Agentliyi Hollandiya ilə 356 ədəd müxtəlif işlənmiş avtomobillərin və digər avadanlıqların alınmasına dair müqavilə imzalayıb.

Niderland yolsuzluq avtomobillərindən başqa, Litvaya “Mercedes-Benz” GD 290 və DAF yük maşınları üçün qoşqular verəcək. 356 ədəd nəqliyyat vasitəsi və avadanlığın alınmasının ümumi dəyəri təxminən 6 milyon avro təşkil edir.

Veriləcək “Mercedes-Benz” GD 290 avtomobilləri Niderland Ordusu tərəfindən istifadə edilib, lakin onlar texniki cəhətdən yararlıdır. Hal-hazırda Litva Silahlı Qüvvələrində artıq Niderlanddan olan 400 ədədə yaxın belə maşın var ki, onlar təlim və digər tapşırıqlar zamanı istifadə olunur.

Litva1

Litva Könüllü Milli Müdafiə Qüvvələrinin “BRP Can-Am Outlander” MAX 1000 XTP T kvadrosiklləri

Litva

Litva Ordusunun “Mercedes-Benz” GD 290 avtomobilləri

Litva2

“BRP Can-Am Outlander” MAX 1000 XTP T kvadrosikli

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS