Litva HHM sistemlərinin tədarükünü sürətləndirmək üçün tankların alınmasını təxirə salır

Litva HHM sistemlərinin tədarükünü sürətləndirmək üçün tankların alınmasını təxirə salır

Litva hökuməti hava hücumundan müdafiə (HHM) sistemlərinin alınmasına üstünlük verərək və tankların tədarükünü təxirə salaraq, müdafiə təchizatı planında dəyişiklikləri nəzərdən keçirir.

“Poliqon” LRT televiziyasına istinadən xəbər verir ki, müvafiq təkliflə Litvanın müdafiə naziri Laurinas Kaşyunas çıxış edib.

Onun fikrincə, əvvəlcə planlaşdırılan tank taborunun əvəzinə tank bölüyü yaradılmalı və azad olan maliyyə vəsaitinə bu il əlavə iki orta mənzilli HHM sistemi alınaraq hava hücumundan müdafiənin gücləndirilməsinə yönəldilməlidir. Kaşyunasın sözlərinə görə, tank bölüyü daha sonra tabora qədər artırıla bilər.

Bu halda Litva artıq cari il ərzində əlavə iki orta mənzilli HHM sistemi ala biləcək, halbuki hazırkı plan onların yalnız on ildən sonra alınmasını nəzərdə tutur.

Müdafiə nazirinin təklifini Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis dəstəkləyib və o, HHM vasitələrinin NATO ölkələrində ən qıt resurs olaraq qalması faktını nəzərə alaraq bunu ağlabatan adlandırıb.

“Ona görə də, HHM sahəsinə investisiya ən yaxşı şəkildə həm bizim öz istəklərimizə, həm də müttəfiqlərimizin istəklərinə cavab verərdi, indi buna ən çox ehtiyac var… Tanklar gözləyə bilər, lakin bu gün hava hücumundan müdafiəyə ehtiyac var”, – deyə Q.Landsbergis bildirib.

Litva Prezidenti Gitanas Nauseda öz növbəsində vurğulayıb ki, planlarda hər hansı dəyişiklik 2030-cu ilə qədər başa çatdırılmalı olan 17-18 min nəfərlik diviziyanın formalaşdırılması müddətinin dəyişməsinə səbəb olmamalıdır.

Litva hökuməti həmçinin müdafiə xərclərini maliyyələşdirmək üçün xüsusi fond da yaratmaq istəyir.

Aprelin əvvəlində Hollandiyanın Baş naziri Mark Rutte Niderlandın Litvada müvəqqəti olaraq MIM-104 “Patriot” zenit-raket komplekslərini yerləşdirəcəyini açıqlamışdı.

Litva, həmçinin Estoniya və Latviya NATO müttəfiqlərindən rotasiya əsasında HHM sistemlərinin yerləşdirilməsini təşkil etməyi xahiş edir. Keçən aprel ayında İspaniya orta mənzilli HHM bölməsini rotasiya əsasında Estoniyaya yerləşdirmiş, lakin dekabr ayında onu Estoniyadan çıxarmışdır.

Xatırladaq ki, xarici KİV yanvarın 23-də Litva Silahlı Qüvvələrinin gücləndirilməsi üçün Almaniyanın “Leopard 2” tanklarının alınmasına razılıq verilməsi barədə məlumat paylaşmışdı.

Ölkədə yaradılacaq diviziyaya öz hərbi imkanlarını gücləndirmək üçün əsas döyüş tanklarının alınması planlaşdırılır. Onun yaradılması planı ötən ilin martında təqdim edilib.

Müdafiə Şurası yeni diviziyanın tərkibində artilleriya alayının yaradılmasını da təsdiqləyib. HHM bölməsi və mühəndis taboru isə alaylara çevriləcək.

Ötən il Litvanın onlarla “Leopard 2” əsas döyüş tankı almağı planlaşdırdığı bildirilmişdir ki, bunun üçün Litva təxminən 2 milyard avro ayırmağa hazırdır. Əvvəllər Litvanın tanklara maksimal ehtiyacı 54 ədəd idi. Bu döyüş maşınlarının planlaşdırılmış alınması isə ölkənin ən böyük müdafiə alışı olacaq.

Ötən ilin noyabrında məlum olmuşdur ki, Almaniya Çexiya, Litva, İsveç və Hollandiya ilə Bundesverin bu növ döyüş maşınları üçün bu yaxınlarda bağlanmış çərçivə müqaviləsi çərçivəsində tədarük edilə biləcək “Leopard 2A8” tanklarının mümkün çatdırılması ilə bağlı danışıqlar aparır.

Əhəd Vahidoğlu

CATEGORIES