“Lockheed Martin” uzun mənzilli JASSM-XR raketini hazırlayıb
ABŞ-ın “Lockheed Martin” şirkəti artan uçuş mənzilinə malik JASSM-XR (Joint Air-To-Surface Standoff Missile Extreme Range) qanadlı raketinin yeni versiyasını hazırlayıb.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, yeni raket JASSM qanadlı raketinin modernləşdirilmiş versiyasıdır, lakin uçuş məsafəsi 1800 km-dən artıq olmaqla əhəmiyyətli dərəcədə artırılıb.
Mənzilin əhəmiyyətli dərəcədə artması və onun ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş təyyarələri tərəfindən istifadəsi ehtimalı gələcəkdə ABŞ qüvvələrinin ümumi üstünlüyünü yaradacaq və hava komponentinin zərbə potensialını əhəmiyyətli dərəcədə artıracaq.
ABŞ aerokosmik sənayesi lideri yeni raketin ölçülərini artırmış, bunun sayəsində onun maksimal uçuş məsafəsi əhəmiyyətli dərəcədə artmışdır. Raketin kütləsi 1021 kq, döyüş başlığının kütləsi isə 540 kq-dır.
Əvvəlki versiyalarda olduğu kimi, inersial tuşlama sisteminin və qlobal mövqeləmə sisteminin dəqiqliyini yüksəltmək üçün tuşlama sistemi təkmilləşdirilmişdir.
Trayektoriyanın son hissəsində hədəflərin axtarışı dairəvi sapma ehtimalı 3 metrdən çox olmayan burun infraqırmızı kameranın köməyi ilə həyata keçirilir.
Yeni raket həm ABŞ HHQ-nin, həm də HDQ-nin döyüş aviasiyası tərəfindən istifadə edilə biləcək.
Son zamanlar dünyanın getdikcə daha çox ölkəsi 960 km-ə qədər artan uçuş məsafəsi ilə standart və təkmilləşdirilmiş ER konfiqurasiyalarında JASSM aviasiya qanadlı raketlərinin alınması üçün sifarişlər verməyə başlayıb. Daha əvvəl xarici mətbuatda bildirilmişdi ki, Niderland beşinci nəsil F-35A qırıcılarını silahlandırmaq üçün ABŞ-dan AGM-158 JASSM-ER qanadlı raketləri sifariş edib. “Lockheed Martin” şirkəti qeyd edib ki, bu sənəd sayəsində Niderland JASSM aviasiya qanadlı raketlərinin beşinci beynəlxalq operatoru olacaq. Bundan başqa, bu ilin fevralında ABŞ Dövlət Departamenti Niderlanda 120 ədəd AGM-158B/B-2 JASSM-ER qanadlı raketlərinin və müvafiq avadanlıq və xidmətlərin satışını təsdiqləyib. Satınalmanın təxmini dəyəri 908 milyon ABŞ dollarıdır.
AGM-158 JASSM yüksək dəqiqlikli “hava-yer” sinif qanadlı raketdir. Raket istənilən hava şəraitində və günün istənilən vaxtında düşmənin hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsindən kənar məsafələrdən mühüm, yüksək mühafizə olunan stasionar və mobil hədəfləri (kvazistasionar) məhv etmək üçün təyin edilib.
JASSM (“Cazm” və ya “Jasm”) raket proqramının kökləri 1980-ci illərə, ABŞ-da köhnəlmiş modelləri əvəz edə bilən yeni qanadlı raketin yaradılması üzərində işlərin başladığı vaxta gedib çıxır. İlkin olaraq layihə TSSAM (Tri-Service Standoff Attack Missile) adlanırdı və bütün növ silahlı qüvvələrin istifadəsinə yararlı universal raketin yaradılmasını nəzərdə tuturdu. Lakin inkişafın yüksək qiyməti və mürəkkəbliyi səbəbindən layihə qapadılmışdı.
TSSAM proqramının uğursuzluğuna baxmayaraq, yüksək dəqiqlikli qanadlı raketin yaradılması ideyası aktual olaraq qalırdı. 1990-cı illərin əvvəllərində ABŞ-də yeni JASSM (Joint Air-to-Surface Standoff Missile) adlı yeni proqramın icrasına başlanmışdı. Layihənin məqsədi yüksək dəqiqliyə malik, uzun mənzilli və geniş spektr hədəfləri vura bilən raket yaratmaq idi.
JASSM raketinin inkişafı üçün müqavilə “Lockheed Martin” şirkətinə verilmişdi. Sınaqlar uğurla başa çatdıqdan sonra JASSM raketi ABŞ HHQ tərəfindən silahlanmaya qəbul edilib. 1994-cü ilin may ayında raketin seriyalı istehsalına başlanıb və istehsal, bu günə qədər davam edir. JASSM ABŞ HHQ-nin arsenalında yerüstü hədəfləri məhv edən əsas silahlardan birinə çevrilib.
Raket aşağı radar görünməsi texnologiyalarından istifadə etməklə yaradılıb. O, turboreaktiv mühərriklə təchiz edilib. Tuşlama sisteminin bir hissəsi olaraq, yüksək dərəcədə radioelektron mühafizəsi olan GPS (Global Positioning System) peyk sisteminin siqnal qəbuledicisindən korreksiyası olan inersial idarəetmə sistemi ilə yanaşı, trayektoriyanın son sahəsində işləyən müasir infraqırmızı özütuşlama başlığı istifadə olunur və avtonom hədəf tanıma sistemi quraşdırılıb.
AGM-158 JASSM qanadlı raketi təqdim olunduqdan sonra bir sıra dəyişikliklərə və modifikasiyalara məruz qalıb ki, bu da onun döyüş imkanlarını genişləndirib:
– AGM-158A JASSM baza versiyası. JASSM raketinin ilk versiyası uzun məsafədə stasionar yer hədəflərini məhv etmək üçün nəzərdə tutulub. O, termobarik döyüş başlığı ilə təchiz edilib və yüksək dəqiqliyə malikdir.
– AGM-158B JASSM-ER versiyası. Məhvetmə diapazonunu artırmaq üçün raketin JASSM-ER (Joint Air-to-Surface Standoff Missile-Extended Range) versiyası hazırlanıb. Təkmilləşdirilmiş mühərrik raketin uçuş məsafəsini iki dəfədən çox artırmağa imkan verib. Tuşlama sisteminə və döyüş başlığına da bəzi dəyişikliklər edilib.
– AGM-158C LRASM versiyası. Gəmilərə qarşı mübarizə aparmaq üçün JASSM-ER bazasında yeni özütuşlama başlığına sahib LRASM (Long-Range Anti-Ship Missile) versiyası hazırlanıb. Əsas taktiki-texniki xassələr JASSM-ER raketi ilə eynidir.
– JASSM-SR versiyası. JASSM-ER raketinin inkişafı ilə paralel olaraq, JASSM-SR (Joint Air-to-Surface Standoff Missile-Short Range) raketin adlı daha kiçik qısa mənzilli versiyası üzərində iş aparılıb. Bu modifikasiya qırıcıları məhdud silah quraşdırma imkanları ilə təchiz etmək üçün nəzərdə tutulub. JASSM-SR daha qısa uçuş məsafəsinə və çəkiyə malikdir, lakin özündə yüksək dəqiqliyi və məhvetmə qabiliyyətini saxlayır.
– AGM-158B-2 JASSM-XR versiyası. 2016-cı ilin əvvəlində “Lockheed Martin” şirkəti AGM-158 raketinin uçuş mənzikini kökündən artıran yeni modifikasiyasının yaradılmasına yönəlmiş tədqiqatlarını elan edib. Qeyri-rəsmi olaraq JASSM-XR (Joint Air-to-Surface Standoff Missile-Extreme Range) adlandırılan layihənin məqsədi 1000 dəniz mili (1800 km-dən çox) məhvetmə məsafəsinə nail olmaq idi.
Pentaqon JASSM-XR layihəsinə böyük maraq göstərib və 2018-ci ilin sentyabrında yeni raketin tammiqyaslı inkişafı üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb. Müqavilə çərçivəsində şirkət beş il ərzində bütün mərhələləri başa çatdırmağı öhdəsinə götürüb.
Əvvəlcə yeni modifikasiya AGM-158D olaraq təyin olundu, lakin daha sonra artıq xidmətdə olan JASSM versiyasının varisliyini vurğulamaq üçün AGM-158B-2 adlandırılıb. Bu günə JASSM-XR layihəsi uğurla başa çatdırılmışdır.
Hazırda JASSM raketinin yeni modifikasiyaları üzərində də iş aparılır. Raketin yeni modifikasiyalarının ortaya çıxması onun döyüş imkanlarını genişləndirməyə və dəyişən döyüş şəraitinə uyğunlaşdırmağa imkan verir.
Perspektivli sahələrdən biri həm zirehli, həm də zirehsiz hədəfləri vura bilən kombinələşdirilmiş döyüş başlığına malik raketin yaradılmasıdır. Raketə infraqırmızı və ya lazer özütuşlama başlıqları kimi yeni tuşlama sistemlərinin inteqrasiyası imkanları da nəzərdən keçirilir.
JASSM raketinin uzunluğu 4,26 m, uçuş məsafəsi 370 km-dir (JASSM-ER 926 km, JASSM-XR 1800 km-dən çox). Dəqiqliyi (dairəvi sapma ehtimalı) 2,4 m-ə bərabərdir.
AGM-158 JASSM qanadlı raketi, xüsusiyyətlərinə və universallığına görə, geniş çeşidli aviasiya platformalarına inteqrasiya edilə bilər. Strateji bombardmançılardan tutmuş çoxməqsədli qırıcılara qədər müxtəlif tipli təyyarələr JASSM raketlərini daşımaq qabiliyyətinə malikdir.
JASSM raketi B-1 “Lancer” (24 raket), B-2 “Spirit” (16 raket) və B-52H “Stratofortress” (12 raket) bombardmançıları, F-16 “Fighting Falcon” (2 raket), F/A-18 “Hornet/Super Hornet” (2 raket), F-15E “Strike Eagle” (3 raket) və F-35 “Lightning II” (2 raket) kimi daşıyıcıların silahlanmasına inteqrasiya olunub.
AGM-158 JASSM qanadlı raketi Avstraliya, ABŞ, Finlandiya, Polşa, Almaniya, Niderland, Yaponiya və Ukrayna HHQ döyüş təyyarələrinin silahlanmasında yer tutur. 2024-cü ilin sentyabrın 3-də “Reuters” nəşri xəbər verib ki, ABŞ rəsmiləri Ukraynanı JASSM raketləri ilə təchiz etməyə yaxındırlar, lakin bunun çatdırılması aylar çəkəcək. Gecikmə bu raketlərin sovet dövrünün MiQ-29, Su-24 və Su-27 təyyarələrinə inteqrasiyası və yekun təsdiqi gözləməsi ilə bağlıdır. Eyni zamanda nəşr xəbər bildirib ki, JASSM raketlərinin Kiyevə veriləcək silah paketinə daxil edilməsinin bu ilin payızında elan ediləcəyi gözlənilir. Bununla belə, nəşrin mənbələri yekun qərarın hələ verilmədiyini qeyd edir. Çox güman ki, Ukraynaya verilən F-16 qırıcıları raketin daşıyıcısı kimi istifadə olunacaq.
Yüksək dəqiqliyi, uçuş mənzili və universallığına görə JASSM silahlanmasında olduğu ölkələrin HHQ üçün əsas yerüstü hücum silahlarından birinə çevrilib. JASSM raketinin müxtəlif aviasiya platformalarına inteqrasiyası onların döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
Əhəd Vahidoğlu