Magistral yol təhlükəsizliyi: Bakıda Əsas Nəzarət-İdarəetmə Mərkəzi istifadəyə verildi

Magistral yol təhlükəsizliyi: Bakıda Əsas Nəzarət-İdarəetmə Mərkəzi istifadəyə verildi

Türkiyənin ASELSAN şirkəti tərəfindən avtomobil yollarında hərəkətdə olan avtonəqliyyat vasitələrinin ölçü və çəki pozuntularını aşkar etmək məqsədilə hazıranan Əsas Nəzarət-İdarəetmə Mərkəzi Bakıda istifadəyə verilib.

“Poliqon” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAY) ehtiyaclarına uyğun “Nəqliyyat Vasitəsi Aşkarlama və Yüksək Sürətli Tərəzi Ölçü Sistem Layihəsi” çərçivəsində hazıranan Əsas Nəzarət-İdarəetmə Mərkəzinin bu gün açılış mərasimi olub.

Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəsi Ufuk Turganer, “ASELSAN-Bakü” şirkətinin direktoru Özgür Kürüm, habelə Türkiyənin Azərbaycandakı səfirliyinin bir sıra müşavirləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmiləri və aidiyyatı üzrə dövlət qurumlarının bir çox səlahiyyətli nümayəndələri iştirak ediblər.

Əsas Nəzarət-İdarəetmə Mərkəzinin açılışı zamanı çıxış edən Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, insan müdaxiləsi olmadan yollarda hərəkət edən nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri cəhətdən normativlərə uyğunluğunun yoxlanılması üçün görülən işlər artıq bu üç məntəqədə başa çatdırılıb: “Mərkəzin qurulması imkan verir ki, artıq gələcəkdə ölkə üzrə inşaatı aparılan digər məntəqələr də bu mərkəzə inteqrasiya edilsin və beləliklə, ölkədə bütün əsas magistral yolların tam mühafizəsi təşkil olunsun. Məlumat üçün bildirim ki, bizim mütəxəssislərin hesablamalarına görə, 31 məntəqədə təqribən 51 tərəzinin qurulmasına ehtiyac var”.

Nazir müavini sözügedən mərkəzin artıq bir aya yaxındır ki, bu məlumatları topladığını, həmin statistikaya əsasən də çox sayda tələb və qaydaları pozan nəqliyyat vasitələrinin olduğunu diqqətə çatdırıb.

“Bizim bütün ölkədə daşımalarla məşğul olan şəxslərə, şirkətlərə xahişimiz və müraciətimiz ondan ibarətdir ki, ölkədə müəyyən olunmuş norma və qaydaların pozulmasına yol verməsinlər. Çünki yaxın vaxtlarda artıq qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində bu sistem tam fəaliyyətə keçmiş olacaq. Beləliklə, bütün məlumatlar avtomatik rejimdə dərhal Daxili İşlər Nazirliyinə ötürülərək qaydaları pozan avtomobillər cərimələnəcək. Arzu olunan hal odur ki, gələcəkdə bu cərimə halları olmasın. Hər bir şəxs bu tələblərə riayət etsin ki, qayda pozuntularına statistika baxımından çox sayda rastlaşmayaq”, – deyə Rəhman Hümmətov qeyd edib.

ASELSAN-ın otuz ilə yaxındır Azərbaycanda fəaliyyət göstərdiyini xatırladan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, bunların daha çox təhlükəsizlik və rabitə sahələrində olduğunu vurğulayıb: “Azərbaycan Müdafiə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə müxtəlif layihələr həyata keçiririk. Ancaq ASELSAN şirkətimizi ilk dəfə olaraq Azərbaycanda yol təhlükəsizliyi və nəzarət kontekstində layihənin podratçısı kimi gördük. Yol təhlükəsizliyi vacibdir. Yolda hərəkət edən nəqliyyat vasitələrinin qaydalara uyğun olub-olmaması, çəkisi, təhlükəli maddə daşıyıb-daşımaması, ətraf mühitə karbon emissiyası kimi məsələlər vacibdir. Bunun üçün bir çox sensorlar var. ASELSAN, çəki nəzarətindən karbon emissiyalarına qədər sensorları olan bir sistemi həyata keçirmişdir. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycan yollarının tikinti və təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində qurulması kontekstində ilk layihə burada həyata keçirilməkdədir”.

Müdafiə sahəsindəki əməkdaşlığa toxunan Cahit Bağcı, növbəti KIZILELMA pilotsuz döyüş təyyarəsinin Azərbaycan səmasında uçacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə akademik və özəl sektor təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

“Təkcə müdafiə sahəsində deyil, digər sahələrdə də Türkiyə Azərbaycanla əməkdaşlığını inkişaf etdirməyi və dərinləşdirməyi Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində əsas götürüb. Türkiyə olaraq Azərbaycanın insan resurslarının inkişafına və ölkənin hədəflərinə uyğun olaraq neft-qaz sənayesindən başqa, digər sahələrin də inkişafına töhfə vermək istəyirik”, – deyə səfir Cahit Bağcı vurğulayıb.

ASELSAN-ın ağıllı nəqliyyat həlləri ilə həyata keçirilən layihə sayəsində avtomobil yollarında nəqliyyat vasitəsinin dayanmadan və sürəti azaltmadan ağırlığının ölçülməsi ilə hərəkət sıxlığının azaldılması və daha səmərəli nəqliyyat axınının təmin edilməsi hədəflənir.

İlk stansiyası 2023-cü ilin may ayında istifadəyə verilmiş layihə çərçivəsində, birinci mərhələ tamamlandıqda, 11 məntəqə, 17 istiqamət və 30 zolaq, ikinci mərhələ başa çatdıqdan sonra 20 məntəqə, 34 istiqamət və 52 hərəkət zolaqlı olmaqla, ümumilikdə 31 müxtəlif məntəqədə stansiyaların yaradılması nəzərdə tutulub.

Qurulan stansiyalar vasitəsilə hərəkətdə olan nəqliyyat vasitələrini dayandırmadan, nəqliyyat axınını pozmadan və ümumi hərəkət işinə təsir etmədən nəqliyyat vasitələrinin çəkisi, ölçüləri, dövlət qeydiyyat nişanı, sinifi və sürəti barədə məlumatlar əldə etmək mümkündür. Aşkar 2/2 edilmiş avtomobil haqqında məlumat Bakı şəhərində istifadəyə verilmiş Əsas Nəzarət-İdarəetmə Mərkəzi vasitəsilə canlı və ya retrospektiv şəkildə izlənilə bilər.

ASELSAN ağıllı nəqliyyat sistemlərinin imkanları çərçivəsində qurulan yüksək sürətli tərəzi ölçü sistemi ASELSAN Ödəniş Toplama Sistemləri və ASELSAN İntellektual Nəqliyyat Sistemləri həllərində olduğu kimi, nəqliyyat vasitələrinin nəqliyyatda yarada biləcəyi riskləri minimuma endirərək magistral yol təhlükəsizliyini təmin edir. Bu sistemlərin hər biri magistral yollar, körpülər, tunellər və digər infrastrukturlar üçün təhlükəsiz keçidlər yaradır. Bundan əlavə, ağıllı verilənlər analitik xüsusiyyətləri nəqliyyat axınında effektiv tədbirlər görülərək, nəqliyyata nəzarət vahidlərinə töhfə verir.

ASELSAN-ın məlumatına görə, insanlara və planetə xidmət edən texnologiyası ilə hər sahədə davamlılıq fəaliyyətlərinə diqqət yetirən ASELSAN, bu layihə ilə hava çirkliliyini və istixana qazı emissiyalarını da azaldır.

Bildirilib ki, 25 ildən artıqdır ki Bakıda yerləşən “ASELSAN-Bakü” şirkəti vasitəsilə fəaliyyətlərini müvafiq qurumların həll ortağı məntiqi ilə həyata keçirən ASELSAN, ağıllı şəhərləri, siqnalizasiya, dəmir yolu sistemləri, avtomobil yollarında ödəniş toplama sistemləri və avtomatlaşdırma layihələrini yerində izləməklə; texnologiya transferi layihələri vasitəsilə Azərbaycana mühüm texnologiyalara çıxışı təmin etmək və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyir.

CATEGORIES
TAGS