“Tolun” miniatür bombasının atış sınağı həyata keçirilib
ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən “Tolun” miniatür bombasının “Akıncı” pilotsuz uçuş aparatından (PUA) atış sınağı həyata keçirilib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaq zamanı “Tolun” miniatür bombası təyin edilmiş hədəfi dəqiqliklə vurub.
GPS/INS tuşlama dəstinə malik “Tolun” miniatür bombası ASELSAN və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə hazırlanıb. O, F-16 Block 40 qırıcıları və “Akıncı” PUA-larından atılmaq üçün nəzərdə tutulub.
Bomba 55 kilometr mənzil daxilində atıldıqda 1 metr qalınlığındakı betonu deşmək və içəridə partlamaq qabiliyyətinə malikdir. Mənzili 102 km və ağırlığı 139 kq olan “Tolun”, ASELSAN-ın “Sadak-4T” ağıllı xarici asqı sisteminə taxıla bilər. Belə olan halda F-16 və “Akıncı” 1 əvəzinə 4 ədəd “Tolun” miniatür bombası daşıya bilir.