MAKA-nın 50 illik yubiley konfransı keçirilib

MAKA-nın 50 illik yubiley konfransı keçirilib

2024-cü il 11-12 dekabr tarixində Milli Aerokosmik Agentliyinin (MAKA) 50 illik yubileyinə həsr olunmuş “Kosmik tədqiqatlar və innovativ texnologiyalar” adlı elmi-texniki konfrans öz işinə başlayıb.

Milli Aerokosmik Agentliyindən “Poliqon”a verilən məlumata görə, konfrans müxtəlif elm sahələrini əhatə etməklə 5 bölmədə işini davam etdirib.

Konfransda MAKA əməkdaşları ilə yanaşı 20-dən çox kənar təşkilatlardan nümayəndələr 60-dan çox məruzə ilə çıxış ediblər.

Konfransın açılış mərasimində Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov konfrans iştirakçılarını və qonaqları salamlayaraq konfransın işində onlara uğurlar arzulayıb. MAKA-nın yaranma tarixi və fəaliyyəti haqqında qısa məlumat verən Natiq Cavadov daha sonra MAKA-nın 50 illik yubileyinə həsr olunmuş tədbirlər haqqında da məlumatı konfrans iştirakçılarının nəzərinə çatdıraraq MAKA-nın yaranma tarixi, qazandığı nailiyyətlər və kadr hazırlığı ilə əlaqədar məruzə etmək üçün sözü baş direktorun I müavini, professor Tofiq Süleymanova verib. Professor Tofiq Süleymanov “Azərbaycanda kosmik texnologiyaların 50 illik tarixi yolu” mövzusunda məruzə ilə çıxış edərək MAKA-nın fəaliyyət istiqamətləri və nailiyyətlərindən geniş danışıb. Özəlliklə MAKA-nın elmi-texniki sahədə ölkənin qabaqcıl universitetləri və təşkilatları ilə olan sıx əməkdaşlığından və doktorantların yetişdirilməsində MAKA-nın rolundan bəhs edib.

Tədbirdə MAKA-nın tabe təşkilatlarının rəhbərləri məruzə ətrafında çıxış ediblər. Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun (TEKTİ) direktoru, professor Fəxrəddin Ağayev və Elmi-tədqiqat Aerokosmik İnformatika İnstitutunun (ETAİİ) direktoru, professor Elçin İsgəndərzadə MAKA ilə bağlı xatirələrini iştirakçılarla bölüşüblər.

Sonra çıxış üçün söz qonaq qismində iştirak edən MAKA-nın keçmiş əməkdaşı, hal-hazırda Respublika Seysmoloji Xidmət Mərkəzində fəaliyyət göstərən professor Azad Bayramova verilib. O, MAKA-da çalışdığı illər ərzində aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən söz açıb və MAKA-nın 50 illik yubileyi münasibətilə keçmiş həmkarlarını təbrik edib.

Konfransda TEKTİ-nin Geofiziki proseslərin kosmik monitorinqi şöbəsinin rəisi Rafiq Ağamalıyev və ETAİİ-nin Alternativ energetika şöbəsinin böyük elmi işçisi Təhminə Qasımova da çıxış edərək əməkdaşları təbrik ediblər və konfransın işində uğurlar arzulayıblar. Daha sonra konfrans proqrama uyğun olaraq bölmələr üzrə işini davam etdirib.

Konfransın bağlanış iclasında öz məruzələri ilə fərqlənən iştirakçılara xüsusi sertifikatlar təqdim olunub. Professor Natiq Cavadov belə elmi-texniki konfransların gənc kadrların hazırlanmasında əhəmiyyətindən danışıb və konfransı bağlı elan edib.

CATEGORIES