“Mehler Protection” şirkəti passiv ekzoskeletə malik zirehli kostyum hazırlayıb
Almaniyanın qoruyucu vasitələrin hazırlanması və istehsalı üzrə ixtisaslaşmış “Mehler Protection” şirkəti gücləndirilmiş zirehə malik ExoM ekzoskeletinin hazırlanacağı innovativ layihəyə start verdiyini elan edib.
Bu barədə “Poliqon” “Mehler Protection” şirkətinə istinadən xəbər verib.
İddialara görə, yüksək səviyyəli modul ballistik mühafizəyə malik yeni sistem yükün 70%-ə qədərini yenidən bölüşdürür ki, bu da əsgərlərə ağır təchizat daşımağa imkan verir. Çevik “onurğa”, sürüşən bel kəməri və şarnirli omba, diz və ayaq biləyi “oynaqları” ilə təchiz edilmiş ExoM ekzoskeleti operatorlara 99%-ə qədər hərəkət rahatlığı təmin edir. Bu çeviklik çətin ərazilərdə və məhdud məkanlarda hərəkət üçün həyati əhəmiyyət kəsb edir.
Passiv ekzoskelet kimi fəaliyyət göstərərək o, xarici enerji mənbələrinə ehtiyac duymur. Bu xüsusiyyət onu uzun tapşırıqlar və ya uzaq yerlərdə əməliyyatlar üçün uyğun konstruksiya edir, ağır batareyalara və doldurma avadanlığına ehtiyacı aradan qaldırır.
İstehsalçı ExoM ekzoskeletinin polis və hərbi istifadə üçün uyğun olduğunu bildirir. Ekzoskelet istifadəçinin hərəkətlərini məhdudlaşdırmır və mühafizənin ağırlığına baxmayaraq, ona yüksək səviyyədə mobil qalmağa imkan verir.
““Mehler Protection” və “Mawashi Science & Technology” şirkətlərinin birgə səyi ilə layihələndirilmiş bu inqilabi məhsul operatora əlavə ağırlıq vermədən ən yüksək səviyyəli ballistik müdafiəni təmin etmək üçün diqqətlə hazırlanmışdır. Çəki idarəçiliyi və ballistik mühafizə paradiqmasında inqilab edən ExoM zirehli ekzoskeleti avanqard həlli təmsil edir”, – deyə şirkətin saytında bildirilib.
Məhsulun təsvirindən də göründüyü kimi, ExoM sistemin yüngül olmasını təmin edən titan konstruksiyalardan ibarətdir. Zireh səviyyəsi VPAM 8- bərabərdir (6-cı mühafizə sinfi) və 10±0,5 metr məsafədən atılan 7,62×39 mm çaplı zirehdələn-yandırıcı güllələrin üç dəfə dəyməsindən qorunmanı təmin edir.
Ekzoskelet, itirilmiş funksiyaları bərpa etmək, insan əzələlərinin gücünü artırmaq, xarici çərçivə və əlavə hissələr hesabına hərəkət diapazonunu genişləndirmək, həmçinin yükün daşınması zamanl ağırlığı xarici çərçivədən ekzoskeletin ayaq pəncəsinin dayağına ötürmək üçün təyin edilmiş qurğudur.
Hərəkət zamanı səyləri mütənasib olaraq artırmaq üçün ekzoskelet insan biomexanikasını təkrarlayır. Tətbiq sahəsinə görə ekzoskeletlər hərbi, tibbi, sənaye, servis və kosmik növlərə bölünür.
Əhəd Vahidoğlu