Misir Hindistanın “Akash” ZRK-ləri ilə maraqlanır

Misir Hindistanın “Akash” ZRK-ləri ilə maraqlanır

Misir Silahlı Qüvvələri Hindistanın “Bharat Dynamics Limited” (BDL) şirkətinin istehsal etdiyi “Akash” zenit-raket kompleksləri ilə maraqlanır.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, Misirin bu marağı Hindistanın qlobal silah bazarında yerli hərbi texnikasını fəal şəkildə tanıtdığı və 2022-2023-cü illərdə müdafiə ixracını təxminən 2.2 milyard ABŞ dolları yüksəltdiyi bir vaxta təsadüf edir.

Qeyd edək ki, son dövrlərdə xarici satınalmalarda Hindistan və Fransa istehsalı hərbi məhsullara üstünlük verən Ermənistan ötən il “Akash” zenit-raket kompleksləri sifariş edib. Bundan başqa, Vyetnam, Banqladeş və Şri-Lanka kimi ölkələr də “Akash” ZRK-yə maraq göstərib.

BDL şirkəti tərəfindən istehsal edilən “Akash” orta mənzilli ZRK 30 km-ə qədər məsafədə və 18 km-ə qədər hündürlükdə uçan hədəfləri vurmaq üçün təyin edilib. Raketin çəkisi 720 kq, uzunluğu 5820 mm, diametri 350 mm, döyüş başlığının çəkisi 60 kq-dır. Kompleks Hindistanın DRDO (Defence Research and Development Organization) dövlət təşkilatı tərəfindən hazırlanıb. Buraya BDL tərəfindən inkişaf və istehsal edilən raketlər və radarlar, “Larsen & Toubro” və “Tata Power SED” özəl şirkətlərinin tırtıllı və təkərli şassiləri daxildir.

“Akash” ZRK 2015-ci ilin iyul ayından Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmasındadır və istismarda olan Sovet istehsalı köhnə S-125M “Peçora-M”, 9K33 “Osa” və 9K38 “İqla” hava hücumundan müdafiə sistemlərini əvəz edir.

CATEGORIES
TAGS