Xəbərlər
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu onun məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Murad Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliydən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.
Çıxış edənlər qəhrəmanın yüksək Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar.
Qeyd olunub ki, Murad Mirzəyevin göstərdiyi rəşadət dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.









