“Milrem Robotics” və Ukrayna Müdafiə Sənayesi yeni nəsil robotlar hazırlayacaq
Estoniyanın “Milrem Robotics” şirkəti və Ukrayna Müdafiə Sənayesi (UDI) birlikdə hərbi təyinatlı yeni nəsil robot sistemlərinin yaradılmasına başlamaq üçün müqavilə imzalayıb.
“Poliqon” “Milrem Robotics”ə istinadən xəbər verir ki, Kiyevdə keçirilən Birinci Müdafiə Sənayesi Forumu (DFNC1) zamanı imzalanan saziş “Milrem Robotics” ilə UDI üzvləri arasında bir sıra inkişaf və istehsal fəaliyyətlərini təfərrüatlandırır.
İlk addım olaraq, tərəflər Ukraynanın tələblərinin müəyyən edilməsi üçün strateji əməkdaşlığa başlayacaqlar və Ukrayna silahlı birləşmələrinin həm davam edən müharibədə, həm də müharibədən sonra imkanlarını artıra biləcək robot nümunələri təqdim edəcəklər.
Bundan sonra tərəflər Ukraynanın döyüş sahəsindəki təcrübəsini “Milrem Robotics”in mövcud robot və avtonom sistemləri ilə birləşdirəcək, Ukraynanın insanlı və pilotsuz multi-domen imkanlarını yaratmaq üçün yeni məhsullar hazırlayacaq. Həmçinin Ukraynanın müdafiə proqramçıları və istehsalçıları ilə birlikdə bu ölkənin silahlı qüvvələrinin tələblərinə cavab vermək üçün silah sistemləri, elektron müharibə (EW) və minatəmizləmə avadanlığı kimi müdafiə texnologiyaları “Milrem Robotics”in robotlarına inteqrasiya ediləcək.
Əlavə olaraq, tərəflər “Milrem Robotics”in digər məhsullarının da Ukraynada istehsal olunması və müxtəlif yerüstü döyüş robotlarının dizayn edilməsi məsələlərində əməkdaşlığı nəzərdən keçirəcəklər.
Qeyd olunub ki, “Milrem Robotics” şirkəti logistika, zərərçəkənlərin təxliyyəsi və ərazilərin təmizlənməsi əməliyyatlarını dəstəkləmək üçün artıq 15 ədəd THeMIS robotunu Ukraynaya təhvil verib.