Minaaxtaranlar və PHS mütəxəssisləri üçün yerli təlim simulyatoru
Azərbaycanın “DN Technologies” şirkəti humanitar minatəmizləmə təşkilatlarının və ordunun mühəndis-istehkam bölmələrinin əməkdaşlarının təlim keçmələri üçün Partlamamış Hərbi Sursat Simulyatorunun yaradılması layihəsi üzərində işləyir.
Bu barədə AZERİ DEFENCE jurnalına müsahibəsində “DN Technologies” şirkətinin həmtəsisçisi və baş direktoru Ceyhun Nabadov bildirib.
Partlamamış Hərbi Sursat (PHS) Simulyatoru barədə danışan C. Nabadovun sözlərinə görə, bu təlim vasitəsi humanitar minatəmizləmə, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları, habelə ordunun mühəndis-istehkam bölmələri üçün nəzərdə tutulur. Hazırda ilk nümunəsi və demo versiyası hazırlanmış PHS Simulyatoru dünyada mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğul olan heyətlərin hazırlanması üçün nəzərdə tutulan simulyatorlardan tamamilə fərqlənir.
“Dünyada hazırda bir-iki nümunə olsa da bizim düşündüyümüz konsepsiyada deyil. Hazırda PHS Simulyatorunun protopinin tamamlanması gedir. Aprel ayında tamamlamağı planlaşdırsaq da COVİD-19 pandemiyası ilə əlaqədar layihə xeyli ləngidi. Müxtəlif sensorlarla təchiz edilmiş PHS Simulyatoru otaq və çöl şəraitində istifadə oluna bilir. Bunu gələcəkdə inert mərmi başlığının daxilində də yerləşdirməyi düşünürük. Simulyator minaaxtaranlara və EOD mütəxəssislərinə imkan verəcək ki, tapılan artilleriya mərmilərinin partlamamış döyüş başlıqları ilə necə davranmaq, onlara necə təmas etmək lazım olduğunu öyrənsinlər”, – deyə C. Nabadov vurğulayıb.
Şirkət rəhbəri qeyd edib ki, bu gün Azərbaycanın ANAMA təşkilatı dünya səviyyəsində qəbul edilən, tanınan minatəmizləmə mərkəzidir. Sözügedən layihənin ideya müəllifi və sifarişçisi qismində məhz ANAMA təşkilatı dayanır: “ANAMA-nın peşəkar əməliyyat və təlim heyətinin təcrübəsindən də bu layihədə yararlanırıq və hesab edirik ki, ANAMA-dan əldə etdiyimiz bilik və təcrübə daha mükəmməl bir məhsul ortaya qoymağımıza imkan verəcək”.