Zakir Həsənov ADEX-2024 sərgisinin iştirakçılarına müraciət edib

Zakir Həsənov ADEX-2024 sərgisinin iştirakçılarına müraciət edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX-2024 sərgisinin iştirakçılarına müraciət edib.

Müdafiə naziri Zakir Həsənovun eksklüziv olaraq POLİQON jurnalına açıqladığı müraciətdə deyilir:

“Hörmətli sərgi iştirakçıları və qonaqlar, əziz dostlar!

Sizi ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayır, bütün iştirakçılara uğurlar arzulayıram.

Bildiyiniz kimi, Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir, beynəlxalq tədbirlərdə fəal iştirak edir. Bakıda keçirilən ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisi regionun ən mötəbər sərgisi olmaqla yanaşı, hərbi-texniki əməkdaşlığın inkişafı, müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm platformaya çevrilmişdir.

Zakir Həsənov2Dünyanın qabaqcıl orduları ilə təcrübə mübadiləsi, hərbçilərimizin beynəlxalq təlimlərdə iştirakı, hərbi əməkdaşlıq, ən müasir silah, texnika və avadanlıqların arsenalımıza daxil edilməsi, həmçinin müdafiə potensialımızın inkişafı istiqamətində görülən digər işlər davam edir. Əminəm ki, ölkəmizdə baş tutan növbəti ADEX-2024 beynəlxalq sərgisi hərbi-texniki sahədə yeniliklərin nümayişi və qarşılıqlı təcrübə mübadiləsi, eləcə də təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ideal məkan olacaqdır.

İnanıram ki, Müdafiə Nazirliyinin ADEX-2024 sərgisində təqdim etdiyi stend iştirakçılar və ziyarətçilər tərəfindən maraqla qarşılanacaq. Təbii olaraq, sərgidən böyük gözləntilərimiz var. Məqsədimiz – faydalı əməkdaşlıq qurmaq, dünyanın aparıcı silah istehsalçılarının ən yeni texnologiyaların tətbiqi ilə hazırladıqları müasir, yüksək dəqiqlikli silah-sursat, döyüş texnikası, eləcə də digər hərbi vasitələrin yeni nümunələrini öyrənmək, arsenalımıza daxil etməkdədir.

Bununla yanaşı, dünyanın tanınmış hərbi sənaye şirkətlərinin rəsmi nümayəndə heyətləri və mütəxəssislərinin bir məkanda toplanmasından yararlanaraq, işgüzar əlaqələrin qurulmasına və təhlükəsizliyimizin təmin olunmasına səmərə verəcək yeni müqavilələrin imzalanması məsələlərini müzakirə etmək məqsədilə görüşlər keçirmək və təhlillər aparmaqla da bağlı planlarımız vardır.

Bir məsələni də qeyd etmək istərdim. Stenddə Müdafiə Nazirliyinin tabeliyində olan təmir zavodlarında döyüş texnikasının, silahların təmir-bərpası sayəsində əldə etdiyimiz nailiyyətlər də təqdim olunacaqdır. Döyüşlərdə qazandığımız təcrübə əsasında silah və texnikanın effektiv tətbiqi, səmərəli istifadəsi, eləcə də təkmilləşdirilməsi ilə bağlı tərəfimizdən irəli sürülmüş bir neçə yenilik nazirliyin nəzdindəki həmin müəssisələrdə uğurla icra olunub.

Qürurverici məqamdır ki, əvvəlki illərdə, eləcə də Aprel döyüşlərindən sonra qazandığımız təcrübəyə əsasən, hərbi texnikanın modernləşdirilməsi və müasir texnologiyaların hərbi sahədə tətbiqi istiqamətində Ordumuzda böyük işlər görülmüşdür. Tətbiq etdiyimiz yeniliklərin nəticələrini isə Vətən müharibəsində və sonrakı əməliyyatlarda gördük. Ordumuzun hərb elminə gətirdiyi yeniliklərin dünya miqyasında öyrənilməsi və təhlillərin aparılması da qürur doğuran məqamdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həmişə qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimizin prioritet məsələsi olaraq qalır. Bu sahənin əhəmiyyəti nəzərə alınmaqla, hərbi təhsil, tibb, təminat-təchizat da daxil olmaqla, dünyanın bir çox ölkələri ilə hərbi, hərbi-texniki sahədə daima milli maraqlarımıza uyğun olaraq həyata keçirilən əməkdaşlıq, ordumuzun daha da inkişaf etdirilməsi üçün səmərəli olacaqdır.

Zakir HəsənovRegionda və dünyada baş verən proseslər, müasir dövrün təhdid və çağırışları, təbii olaraq, müdafiə sənayesi sahəsində baş verən yeniliklərin izlənilməsi və öyrənilməsini zəruri edir, ölkəmizin müdafiə qüdrətinin, Ordumuzun döyüş hazırlığının bundan sonra da daima yüksək səviyyədə saxlanılmasını şərtləndirir. Azərbaycan Ordusu bölmələrinin yeni silahlar, döyüş texnikası ilə təchiz edilməsi istiqamətində işlər bu gün də uğurla davam edir. Məhz görülən bu müsbət işlərin nəticəsidir ki, bu gün Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Ordusu dünyanın müasir tələblərə cavab verən orduları arasında ön sıralarda yer alır. Fəxrlə deyə bilərik ki, ölkə başçısının da söylədiyi kimi, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə şanlı qələbələrlə Zəfər qazanmış Azərbaycan Ordusundan qat-qat güclüdür.

Xalqımız əmin ola bilər ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilən, yüksək vətənpərvərlik ruhuna malik, psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırdır və qadirdir.

Sonda bir mövzuya da toxunmaq istərdim. Bildiyimiz kimi, ölkəmizdə son bir neçə il ərzində böyük inkişaf yolu keçmiş hərbi sənaye kompleksimiz təkcə daxili tələbatları ödəməklə kifayətlənmir, müxtəlif təyinatlı hərbi avadanlıqların ixracatı ilə bağlı uğurlu addımlar atılır. Ordumuzda mövcud olan silahların, texnikanın və bir çox digər hərbi avadanlıqların bir qismi hərbi sənayemizin istehsalıdır və bu məhsullar döyüş əməliyyatlarında praktiki sınaqlardan uğurla çıxmışdır.  Hesab edirəm ki, sərgidə bu amil də ölkəmizin hərbi sənaye kompleksinin istehsal etdiyi məhsullara marağın yüksək olmasına xidmət edəcəkdir.

Ümidvaram ki, ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisi mövcud hərbi-texniki əməkdaşlığı möhkəmləndirmək və geniş perspektivlər əldə etmək imkanı qazandıracaqdır. Bu cür mötəbər tədbirin paytaxtımızda keçirilməsi ölkəmizə olan etibarın, etimadın göstəricisidir.

Hamını dünya hərbi sənaye kompleksinin istehsal etdiyi yeni məhsulların nümunələri ilə yaxından tanış olmağa dəvət edirik.

Sərginin təşkilatçılarına və iştirakçılara qarşıya qoyulan hədəflərə çatmağı,  gələcək işlərdə daha böyük uğurlar qazanmağı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram”.

CATEGORIES
TAGS