Misir M1A1 “Abrams” tanklarını təkmilləşdirir

Misir M1A1 “Abrams” tanklarını təkmilləşdirir

ABŞ Dövlət Departamenti Misirin “Abrams” tankları üçün modernləşdirmə dəstlərinin tədarükünü, təmir və logistika dəstəyinin göstərilməsini nəzərdə tutan 4.6 milyard dollar dəyərindəki xarici hərbi satışı təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 555 ədəd M1A1 “Abrams” tankını M1A1SA konfiqurasiyasına yüksəltmək və təkmilləşdirmək üçün modernləşdirmə dəstlərinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin baş podratçısı ABŞ-ın “General Dynamics Land Systems” (GDLS) şirkəti olacaq.

Qeyd olunub ki, sözügedən tankların təmir və təkmilləşdirilməsi ilə bağlı işlər Misirin paytaxtı Qahirə şəhərindəki Misir Tank Zavodunda aparılacaq.

Bundan başqa, ABŞ Dövlət Departamenti Misirə 630 milyon dollar dəyərindəki AGM-114R “Hellfire” raketlərinin və 30 milyon dollar dəyərindəki APKWS tuşlama dəstlərinin satışını da təsdiqləyib.

Sözügedən sifarişlərə əsasən, Misir 2183 ədəd AGM-114R “Hellfire” raketi və 543 ədəd APKWS tuşlama dəsti əldə edəcək.

CATEGORIES