Misir və Əlcəzair Su-35 qırıcılarını almaqdan imtina edib

Misir və Əlcəzair Su-35 qırıcılarını almaqdan imtina edib

Daha iki ölkə Rusiyanın Su-35 qırıcılarını almaqdan imtina edib.

“Poliqon” xəbər verir ki, İndoneziyanın imtina qərarına (həmçinin bax: İndoneziya Rusiya qırıcılarını almaqdan imtina edib) Misir və Əlcəzair də qoşulub.

Hər üç müqavilə əvvəllər bir sıra Avropa ölkələrindən və İsraildən gətirilən aktiv fazalı anten şəbəkələrini (Active Phased Array Antenna – APAA) və qabaqcıl avionikanı quraşdırmaq mümkün olmadığı üçün itirilib. Bu da ondan irəli gəlib ki, ABŞ sanksiyaları qüvvəyə mindikdən sonra Rusiya bu avadanlıqları hətta ixrac sifarişləri üçün də ala bilmir.

Əlcəzair yeni Su-35 qırıcılar almaq əvəzinə, mövcud Su-30MKA təyyarələrini təkmilləşdirməyə qərar verib. Açıq mənbələrin məlumatına görə, yeni qırıcıların qiyməti Əlcəzair Hərbi Hava Qüvvələrinin silahlanmasında olan Rusiya istehsalı Su-30MKA təyyarəsinin təkmilləşdirilməsi xərclərindən 60% bahadır. Bu arada qeyd etmək yerinə düşər ki, Əlcəzair Rusiyanın beşinci nəsil Su-57E qırıcılarına da maraq göstərir.

Misir isə 30 ədəd Su-35 qırıcısının tədarükü ilə bağlı müqaviləni Rusiya tərəfi idxal komponentləri ilə bağlı problemi həll edənə qədər rəsmən dayandırıb, baxmayaraq ki, artıq 10-a yaxın təyyarə istehsal edilib. Eyni zamanda Misir, öz növbəsində, ABŞ-ın təzyiqi altında Fransanın “Rafale” qırıcılarının xeyrinə seçim edib. Üstəlik, sınaq döyüşü zamanı “Rafale” Rusiya təyyarələri üzərində üstünlüklərini sübut edib.

Bu arada qeyd edək ki, İranın “Mehr” informasiya agentliyi bu xəbərə cavab olaraq Rusiyanın İrana Su-35 qırıcılarını satmağa hazır olduğunu bildirib. Bununla yanaşı, Rusiya mətbuatı da bəzi yerli analitiklərin Misir üçün nəzərdə tutulan və hazırda Komsomolsk-na-Amure şəhərində yerləşən zavodda dayanan təyyarələrin İran tərəfindən alınacağını düşündüyü bildirib. Güman edilir ki, İran İslam Respublikasının prezidenti İbrahim Rəisi cari ilin yanvar ayının 19-da Moskvaya səfəri zamanı 10 milyard ABŞ dolları dəyərində silah müqaviləsi imzalayacaq və bu müqaviləyə əsasən, Moskva Tehrana 24 ədəd çoxməqsədli Su-35, iki alay dəsti S-400 zenit-raket sistemləri və hərbi peyk verəcək.

Xatırladaq ki, Su-35 qırıcısı 4++ nəsil çoxməqsədli supermanevrli təyyarədir. Təyyarə, əsasında Su-27 / Su-30 qırıcıları yaradılan T-10S platformasında qurulub, lakin yaradıcıların fikrincə, beşinci nəsil təyyarənin tələblərinə cavab verən bort döyüş aviasiya avadanlığı ilə təchiz olunub.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş