
MKE Kosovoda patron istehsal müəssisəsi inşa edəcək
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Kosovoda patron istehsal müəssisəsi inşa edəcək.
MKE-dən “Poliqon”a verilən məlumata görə, Kosovo tərəfi ilə imzalanmış müqavilə çərçivəsində illik 20 milyon ədəd patron (5.56 mm x 45 və 7.62 mm x 51) istehsal gücünə malik olacaq “Təkrar emal edilmiş Parton İstehsal Xətti”nin 2026-cı ildə tamamlanması planlaşdırılır.
Şirkət Kosovaya giliz və mərmi istehsal avadanlıqları, doldurma və montaj xətti, laboratoriya və sınaq avadanlıqları təmin edəcək. Həmçinin MKE əməkdaşları tərəfindən zavodda işləyəcək personal üçün istehsal, texniki qulluq, təmir və texniki yardım üzrə təlimlər də keçiriləcək.
Kosova hökumətinin tələbi əsasında, patron istehsalının həyata keçiriləcəyi binaların tikintisini də “Makine ve Kimya Endüstrisi” yerinə yetirəcək və zavodu istehsala tam hazır şəkildə təhvil verəcək.
Qeyd edək ki, MKE, yaxın zamanda İordaniya və Monqolustanda quraşdırılması tamamlanan və açılışı həyata keçirilən patron istehsal zavodlarından sonra, indi Avropada da bir müəssisə qurur.
Yüksək texnologiyalı istehsal infrastrukturunu dost və müttəfiq ölkələrlə bölüşərək müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməyə davam edən MKE, hazırda 8 fərqli ölkədə patron, silah yığımı və sursat doldurma-montaj zavodlarının qurulması istiqamətində fəaliyyət göstərir.
Fərqli qitə və ölkələrdə yaradılacaq montaj və istehsal müəssisələri həm regional təhlükəsizliyə töhfə verir, həm də iqtisadi əməkdaşlıq sahələrini genişləndirir.