
MKE şirkəti tərəfindən seriyalı istehsal edilən MPT-76 MH (milli piyada tüfəngi) avtomatlarının böyük partiyası Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, yeni nəsil avtomatlar Türkiyə əsgərinin istifadəsinə verilməsi üçün təhlükəsiz şəkildə hərbi hissələrə göndərilib.
MPT-76 MH, 2016-cı ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilən MPT-76 avtomatının təkmilləşdirilmiş və yüngülləşdirilmiş versiyasıdır. Şirkətin “Kırıkkale Silah Zavodu”nda istehsal olunan və türk mühəndisləri tərəfindən hazırlanan MPT-76 MH, Türkiyə əsgərinin əməliyyat tələbatı nəzərə alınaraq hazırlanıb. MPT-76 ilə müqayisədə təxminən 500 qram yüngülləşdirilən və 3750 qram ağırlığında olan avtomat daha yüngül və erqonomik quruluşu sayəsində əsgərlərin hərəkət qabiliyyətini artırır. 600 metr effektiv atəş məsafəsinə malik olan MPT-76 MH dəqiqədə 750 atəş açmaq imkanına malikdir.
42-si NATO, 16-sı isə milli standartlar olmaqla ümumilikdə 58 sınaqdan uğurla keçən və öz kalibrində dünyada yeganə avtomat olan MPT-76 MH, yüksək etibarlılığı, dayanıqlılığı və yüngül konstruksiyası sayəsində Türkiyə Silahlı Qüvvələrinin əməliyyat qabiliyyətinə mühüm töhfə verir.
Qeyd edilib ki, bütün bu xüsusiyyətləri sayəsində milli piyada tüfəngi həm dost və müttəfiq ölkələrin orduları tərəfindən seçilir, həm də yüksək ixrac potensialı ilə diqqət çəkir.






