
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Türkiyə Silahlı Qüvvələri başda olmaqla, beynəlxalq tərəfdaşlara yerli və effektiv məhsullar təqdim etməyə davam edir.
MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət son bir həftə ərzində müxtəlif sayda və çapda olan hərbi məhsulların tədarüklərini həyata keçirib.
Tədarüklər çərçivəsində Türkiyə Quru Qoşunları Komandanlığına MPT-76 MH avtomatı, 7.62 mm çaplı patron, 20 mm-lik sursat, 60 mm-lik minaatan mərmisi, 105 mm və 155 mm-lik sursatlar üçün barıt, AKSAR MAGAS sistemi və 107 mm-lik raket kompleksi çatdırılıb.
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına MKE MOD48 sistemi, Hərbi Hava Qüvvələri Komandanlığına isə MK-82 və MK-84 aviasiya bombaları təhvil verilib.
Bundan başqa, Türkiyə Milli Müdafiə Nazirliyinin Tərsanələr Baş İdarəsinə 25 mm-lik lülələr, “Roketsan” şirkətinə orta mənzilli raket üçün yanacaq çubuqları, BMC şirkətinə ALTAY tankının silah sistemi və ehtiyat hissələri çatdırılıb.
Həmçinin AFAD sifarişi əsasında kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) təhlükələrinə qarşı qaz maskalarının tədarükü həyata keçirilib.








