
Türkiyənin MKE şirkəti tərəfindən hazırlanan MMT-76 (Modern Makineli Tüfek) pulemyotu helikopterlərdə istifadə üçün hava kvalifikasiya sınaqlarından uğurla keçib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, daha əvvəl NATO standartlarına uyğun 40 müxtəlif sınaqdan keçərək seriyalı istehsala hazır vəziyyətə gətirilən MMT-76, helikopter vibrasiyasının simulyasiyası, etibarlılıq, davamlılıq, aşağı və yüksək temperatur, habelə hava-yer atış sınaqlarında yüksək performans nümayiş etdirərək çoxməqsədli helikopterlərdə qapı silahı kimi istifadə üçün təsdiqlənib.
Beləliklə, MMT-76 həm piyadalar üçün yüngül pulemyot, həm də helikopter platformalarında istifadə edilə bilən çoxməqsədli silah sistemi imkanına sahib olub.
Bildirilib ki, MMT-76 yüksək etibarlılığı, davamlılığı və çətin ətraf mühit şəraitindəki performansı ilə Türkiyə hərbçilərinin döyüş meydanındakı imkanlarını artıracaq.
Təxminən 8 kiloqram ağırlığa və 1000 metr effektiv atəş məsafəsinə malik MMT, bir dəqiqə ərzində fasiləsiz 750 atəş açmaq imkanına malikdir. Yüksək atəş gücü və davamlılığı ilə seçilən MMT, NATO standartlarına uyğun istehsal edilən analoqları ilə müqayisədə daha yüngül konstruksiyası ilə diqqət çəkir.
Qaz porşenli işləmə və fırlanan başlıqlı kilidləmə mexanizminə malik pulemyot müxtəlif ətraf mühit və çətin iqlim şəraitində effektiv şəkildə istifadə oluna bilir. Altı pilləli tənzimlənən (teleskopik) qundağı və erqonomik dizaynı istifadəçiyə rahatlıq təmin edir. Həmçinin pulemyotun sursatı da MKE müəssisələrində yerli və milli imkanlarla istehsal edilir.





