AnalizXəbərlər

MKE TOLGA qısa mənzilli hava hücumundan müdafiə sistemi – TƏHLİL

TOLGA Türkiyənin “Makina ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən aşağı hündürlükdə uçan mini və mikro pilotsuz uçuş aparatları (PUA) və dron təhdidlərinə qarşı milli olaraq hazırlanmış, modulyar qısa mənzilli hava hücumundan müdafiə (HHM) sistemidir.

“Poliqon”un məlumatına görə, o, öz komanda-idarəetmə mərkəzini, radiolokasiya stansiyasını (radarını), silah sistemlərini və xüsusi olaraq bu silahlar üçün hazırlanmış “Tolga” döyüş sursatı ailəsini özündə birləşdirərək düşmən PUA-larına və dronlarına qarşı tam sistem həllini özündə tərənnüm edir.

Bu, radioelektron maneə törətmə (susdurma) qabiliyyətinə və müxtəlif çaplı qüllə silahlarına malik, aşkarlama, izləmə və zərərsizləşdirmə funksiyaları təklif edən çoxqatlı hava hücumundan müdafiə sistemidir.

Əsas istifadə məqsədləri həssas (vacib) obyektləri və kritik əraziləri PUA (dron) və ya ağıllı döyüş sursatı təhdidlərindən qorumaqdır. Modulyar və inteqrasiya olunmuş quruluşu onu müxtəlif vacib ərazilərin qorunması üçün ideal bir həll edir. Bunlara daxildir:

– hərbi obyektlər: hərbi bazaları və digər strateji infrastrukturu dron casusluğu və hücumlarından qorumaq.

– strateji sənaye obyektləri: elektrik stansiyalarının, neft emalı zavodlarının və digər həssas sənaye sahələrinin təhlükəsizliyini təmin etmək.

– ictimai sahələr: konsertlər, idman tədbirləri və görüşlər kimi ictimai tədbirlərdə təhlükəsizliyin artırılması.

– hökumət binaları və vacib şəxslərin mühafizəsi: hökumət binaları və diplomatik nümayəndəliklər kimi vacib strukturların qorunması.

Sistemin tərkibi aşağıdakılardan ibarətdir, lakin bunlarla məhdudlaşmır:

– mobil radiolokasiya (radar) və elektro-optik sistemi (SOFT-KILL JAMMER) – izləmə və müşahidə aparan mobil radar stansiyasından real vaxt rejimində məlumatlar susdurma (maneə) stansiyasına ötürür. Sistem 10.000 metr (10 km) məsafədə düşmən PUA-larını (dronlarını) aşkarlayır və məhv edir.

– 35 mm-lik revolver tipli MKE TOLGA silahlı qüllə sistemi – 3000 metrə (3 km) qədər məsafədəki PUA-ları və dronları zərərsizləşdirir.

Bu sistem, yüksək çaplı, yuxarı təbəqəli kinetik məhvetmə elementidir. Xüsusi qəlpəli sursatlardan istifadə edərək 3000 metrə qədər mini/mikro PUA-lara (dronlara), süzən sursatlara və qanadlı raketlərə qarşı sərt müdafiə təmin edir.

PUA-lara qarşı və hava hücumundan müdafiə arxitekturasında ən xarici kinetik sərt öldürücü təbəqə kimi xidmət edir. Hədəfin yaxınlığında partlatmaq və yüksək kinetik enerjili metal qəlpələrinin sıx buludunu meydana gətirmək üçün hazırlanmış xüsusi proqramlaşdırıla bilən hava partlayışı qəlpəli mərmilərlə atəş aparır.

Özünün komanda-idarəetmə şəbəkəsi altında birləşdirilmiş 20 mm və 12,7 mm silah sistemləri, elektron radioelektron mübarizə sistemləri və aktiv fazalı antena şəbəkəli radiolokasiya stansiyalı (Active Electronically Scanned Array (AESA) radar) izləmə sistemləri ilə birlikdə işləyir.

– 20 mm-lik revolver tipli MKE TOLGA silahlı qüllə sistemi – 1000 metrə qədər məsafədəki PUA-ları və dronları zərərsizləşdirir.

20 mm orta çaplı silah sistemi qazla işləyən revolver mexanizmi, yüksək dəqiqlik və aşağı təpmə qüvvəsi ilə xarakterizə olunan çoxməqsədli atəş dəstəyi həllidir. Tənzimlənən atəş sürəti, aşağı səpələnmə xüsusiyyəti və geniş döyüş sursatı uyğunluğu ilə yer və hava hədəflərinə qarşı təsirli silah sistemi kimi xidmət edir.

Sistemin avtonom qüllə quruluşu sabit və ya mobil quru və dəniz platformalarına inteqrasiya edilə bilər. Avtonom idarəetmə ilə 360° üfüqi və geniş şaquli müstəvidə hərəkət edə bilən elektro-optik sistemləri sayəsində, o, gecə-gündüz avtonom hədəf izləmə və effektiv atəş açma qabiliyyətinə malikdir. Yüngül quruluşu, xarici enerji olmadan işləyə bilən elektrik sistemləri, radar/susdurucu inteqrasiyası qabiliyyəti və zireh uyğunluğu ona “yumşaq” və “sərt” məhvetmə də daxil olmaqla müxtəlif tapşırıqlara asanlıqla uyğunlaşmağa imkan verir. O, termal, gündüz və SWIR kameraları ilə inteqrasiya olunmuş inkişaf etmiş elektro-optik sistemə malikdir.

– 12,7 mm-lik dönər MKE TOLGA silahlı qüllə sistemi – 300 metrə qədər məsafədəki PUA-ları və dronları zərərsizləşdirir.

12,7 mm-lik dönər silah sistemi yüksək dəqiqlik və aşağı təpmə qabiliyyətinə malik çoxməqsədli atəş dəstəyi həllidir. Aşağı səpələnməsi və geniş döyüş sursatı uyğunluğu ilə həm yer, həm də hava hədəflərinə qarşı təsirli silah sistemi kimi xidmət edir.

O, geniş üfüqi və şaquli müstəvilərdə hərəkətə malik avtonom idarəetmə və 360° davamlı dönmə qabiliyyətinə malik qülləsi və elektro-optik sistemləri sayəsində gecə-gündüz avtonom izləmə və effektiv atəş imkanları təmin edir. Elektro-optik sisteminə termal, gündüz və SWIR kameraları daxildir. Buraya atışların hesablayıcısı və döyüş sursatının bitməsi barədə xəbərdarlıq sistemi daxildir ki, o da hərəkətdə atəş açmağa imkan verir və həm yer, həm də hava hədəflərinə qarşı ikili imkanlar təmin edir.

MKE TOLGA 12.7 mm dönər silah sistemi və qülləsi, 300 metrədək məsafəyə qədər qəlpəli döyüş sursatları ilə mini/mikro PUA-lara (dronlara) qarşı müdafiəni təmin edir.

– 12,7 mm-lik MKE TOLGA QCB silahlı qüllə sistemi – 300 metrə qədər məsafədəki PUA-ları və dronları zərərsizləşdirir.

12,7 mm orta çaplı silah sistemi də yüksək dəqiqlik və aşağı təpmə qüvvəsi ilə xarakterizə olunan çoxməqsədli atəş dəstəyi həllidir. Aşağı səpələnmə xüsusiyyıti və geniş döyüş sursatı uyğunluğu ilə həm yer, həm də hava hədəflərinə qarşı təsirli silah sistemi kimi xidmət edir.

Sistemin avtonom qüllə quruluşu sabit və ya mobil quru və dəniz platformalarına inteqrasiya edilə bilər. Avtonom idarəetmə ilə 360° üfüqi və geniş şaquli müstəvidə hərəkət edə bilən elektro-optik sistemləri sayəsində, o, gecə-gündüz avtonom hədəf izləmə və effektiv atəş açma qabiliyyətinə malikdir. Yüngül quruluşu, xarici enerji olmadan işləyə bilən elektrik sistemləri, radar/susdurucu inteqrasiyası qabiliyyəti və zireh uyğunluğu ona “yumşaq” və “sərt” məhvetmə də daxil olmaqla müxtəlif tapşırıqlara asanlıqla uyğunlaşmağa imkan verir. O, termal, gündüz və SWIR kameraları ilə inteqrasiya olunmuş inkişaf etmiş elektro-optik sistemə malikdir.

Ümumilikdə MKE TOLGA qısa mənzilli hava hücumundan müdafiə sistemi, çevikliyi və effektivliyi ilə sahədə fərqlənir. Radar və susdurucu inteqrasiyası sayəsində müxtəlif təhdidlərə tez reaksiya verə və eyni zamanda 100 hədəfi izləyə bilir. Qabaqcıl elektro-optik sensorlar gecə-gündüz fasiləsiz müşahidəni təmin edir, uzaqdan idarəetmə dəstəyi isə operatorlara sistemi təhlükəsiz məsafədən idarə etməyə imkan verir.

MKE tərəfindən hazırlanmış TOLGA sursat ailəsi də sistemin effektivliyini artırır. 35 mm AHEAD (Advanced Hit Efficiency and Destruction) sursatı və 12,7 mm dron əleyhinə sursat aşağı hündürlükdəki təhdidlərə qarşı yüksək dağıdıcı güc təmin edir.

Yekun olaraq qeyd etmək olar ki, MKE tərəfindən hazırlanmış TOLGA sistemi, PUA (dron) texnologiyalarının yaratdığı yeni nəsil təhdidlərə qarşı yerli və milli bir həlldir. Çevik və çoxqatlı quruluşu onu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə rəqabət apara bilən güclü məhsul halına gətirmişdir.

MKE TOLGA sistemi, tam sistem həlli olaraq dünyada bir ilki təmsil edir. Qəlpəli döyüş sursatı quruluşu, yeddi komponentdən ibarət inteqrasiya olunmuş quruluşu və səmərəliliyi həm iqtisadi, həm də texnoloji üstünlük təmin edir. Yüksək texnologiya və qabaqcıl mühəndisliyin məhsulu olan TOLGA qısa mənzilli hava hücumundan müdafiə sistemi, innovativ və milli bir qabiliyyət olaraq Türkiyənin PUA (dron) müdafiəsində yeni standartlar müəyyən edir.

Əhəd Vahidoğlu

Back to top button