
MSPO-2026 sərgisi çərçivəsində Türkiyənin MKE və Polşanın “Polska Grupa Zbrojeniowa” (PGZ) şirkətləri arasında hava hücumundan müdafiə (HHM) sistemləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Poliqon” MKE-yə istinadən xəbər verir ki, memoranduma əsasən, şirkətlər yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin inteqrasiyası və kinetik olmayan sistemlərə (döyüş sursatına ehtiyac olmadan müdaxilə edən sistemlər) dair birgə işlər həyata keçirəcək.
Əməkdaşlıq çərçivəsində tərəflərin mövcud hava hücumundan müdafiə sistemlərindəki imkan boşluqlarının aradan qaldırılması və müxtəlif sistemlərin birgə fəaliyyət qabiliyyətinin inkişaf etdirilməsi hədəflənir.
Memorandum Türkiyə və Polşa bazarları ilə yanaşı, potensial ixrac bazarlarını da əhatə edir. Tərəflər hava hücumundan müdafiə sahəsində mövcud imkanlarını bir araya gətirərək müxtəlif istifadəçi tələblərinə uyğun birgə həllər hazırlayacaq.
PGZ ilə imzalanan Anlaşma Memorandumu MKE-nin TOLGA yaxın mənzilli hava hücumundan müdafiə sistemi ilə bağlı Avropada həyata keçirdiyi ikinci əməkdaşlıq olub.
MKE bu il Macarıstanın “HT Division” şirkəti ilə TOLGA sisteminin yerüstü robot komplekslərinə inteqrasiyasına dair Anlaşma Memorandumu imzalayıb. Bu əməkdaşlıq çərçivəsində TOLGA-nın 20 mm-lik silah sistemi “HT Division” tərəfindən hazırlanmış 6×6 KATICA robotuna inteqrasiya edilib.








