
Azərbaycanın “MİRAS Hərbi Sənaye Şirkəti” MMC Türkiyənin MKE şirkəti ilə birgə modernləşdirdiyi BMP-1 piyada döyüş maşınını (PDM) ilk dəfə sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2026) nümayiş etdirəcək.
“Poliqon” xəbər verir ki, modernləşdirilmiş platforma sərgidə BMP-1TA TURAN adı ilə təqdim olunacaq.
Xatırladaq ki, 2026-cı ilin may ayında Türkiyədə keçirilən SAHA 2026 müdafiə sənayesi sərgisi çərçivəsində MKE ilə MİRAS arasında zirehli texnikaların modernləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər BMP-1 piyada döyüş maşınlarının modernləşdirilməsi, eləcə də TOLGA döyüş qüllələrinin BMP-1 platformalarına inteqrasiyası istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.







