Müdafiə naziri: Azərbaycan milli müdafiə sənayesi sahəsində imkanlarını genişləndirir

Müdafiə naziri: Azərbaycan milli müdafiə sənayesi sahəsində imkanlarını genişləndirir

Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun ADEX-2024 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı müraciətdə bildirilib.

Müdafiə nazirinin sözlərinə görə, Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir, beynəlxalq tədbirlərdə fəal iştirak edir: “Bakıda keçirilən ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisi regionun ən mötəbər sərgisi olmaqla yanaşı, hərbi-texniki əməkdaşlığın inkişafı, müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm platformaya çevrilmişdir.

Dünyanın qabaqcıl orduları ilə təcrübə mübadiləsi, hərbçilərimizin beynəlxalq təlimlərdə iştirakı, hərbi əməkdaşlıq, ən müasir silah, texnika və avadanlıqların arsenalımıza daxil edilməsi, həmçinin müdafiə potensialımızın inkişafı istiqamətində görülən digər işlər davam edir. Əminəm ki, ölkəmizdə baş tutan növbəti ADEX-2024 beynəlxalq sərgisi hərbi-texniki sahədə yeniliklərin nümayişi və qarşılıqlı təcrübə mübadiləsi, eləcə də təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ideal məkan olacaqdır”.

General-polkovnik Z.Həsənov ADEX-2024 sərgisindən Müdafiə Nazirliyinin böyük gözləntiləri olduğunu vurğulayıb və bu barədə danışıb.

“İnanıram ki, Müdafiə Nazirliyinin ADEX-2024 sərgisində təqdim etdiyi stend iştirakçılar və ziyarətçilər tərəfindən maraqla qarşılanacaq. Təbii olaraq, sərgidən böyük gözləntilərimiz var. Məqsədimiz – faydalı əməkdaşlıq qurmaq, dünyanın aparıcı silah istehsalçılarının ən yeni texnologiyaların tətbiqi ilə hazırladıqları müasir, yüksək dəqiqlikli silah-sursat, döyüş texnikası, eləcə də digər hərbi vasitələrin yeni nümunələrini öyrənmək, arsenalımıza daxil etməkdədir.

Bununla yanaşı, dünyanın tanınmış hərbi sənaye şirkətlərinin rəsmi nümayəndə heyətləri və mütəxəssislərinin bir məkanda toplanmasından yararlanaraq, işgüzar əlaqələrin qurulmasına və təhlükəsizliyimizin təmin olunmasına səmərə verəcək yeni müqavilələrin imzalanması məsələlərini müzakirə etmək məqsədilə görüşlər keçirmək və təhlillər aparmaqla da bağlı planlarımız vardır”, – deyə Azərbaycanın müdafiə naziri qeyd edib.

CATEGORIES